BƏYANAT

single-news
14 Okt 2005

BƏYANAT



06.10.2005-ci il tarixində “Qarabağ” Futbol Klubu Klubun rəsmi internet saytı vasitəsilə “Azərbaycan Futbolu naminə...” sərlövhəli yazını sayt ziyarətçilərinin ixtiyarına verdi. Artıq çoxlarına məlum olduğu kimi, bu yazıda AFFA-da Klub prezidentlərinin görüşündən bəhs olunmuş, müzakirə obyektlərindən biri kimi isə hakimlərin qonararlarının qaldırılması təklifi irəli sürülmüşdür. Bu təklifin icra olunması üçün klub Bossları da öz köməklərini əsirgəməyəcəklərini elə həmin iclasda vurğulamışlar. AFFA rəhbərliyi də bu təklifə etiraz etmədiyindən klublar hakimlərin qonararlarının artırılması üçün yaradılmış fonda istədikləri qədər köməklik etmək imkanı qazanmışlar. Bunu əsas tutan “Qarabağ” Futbol Klubu Rəhbərliyi həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Futbolunun inkşafı üçün edilmiş bu təklifə biganə qalmamış və bu fonda məlum həcmdə yardım etmişdir. Bununla yanaşı, “Qarabağ” Futbol Klubu digər klubları da buna səsləyərək, hakimlərin matçlarda daha da diqqətli, tərəfsiz oyun idarə etmələrində bunun köməyinin olacağına inandığını qeyd etmişdir. Lakin bunun da bəzi şəxslər və mətbuat orqanları tərəfindən birmənalı qarşılanmaması təəssüf doğurur.Bəzi mətbuat orqanlarında çıxan yazıları konkret olaraq diqqətinizə çatdıraq: “Futbol+” qəzetinin 10.10.2005-ci il tarixli, 155(1051) saylı nömrəsindəki “Qarabağ”ın pulları aranı qarışdıra bilər” yazısından sitat: “Kim zəmanət verə bilər ki, “Qarabağ” sabah hansısa oyunda qələbə qazananda rəqibi 45 milyon manat söhbətini salıb hakimlərin bu komandaya “işlədiyini” iddia etməyəcək”. Bildirmək istəyirik ki, “Qarabağ” Futbol Klubu konkret olaraq oyunlarda güclü tərəfin qalib gəlməsini istəyir və Azərbaycan Futbolunda çirkin oyunların aparılmaması, hakimlərin tərəfsiz, müstəqil olaraq oyun idarəetmələri üçün bu addımı atıb. Eyni zamanda digər klubların da bu addımı atacağına inanır. “Het-Trik” qəzetinin 14.10.2005-ci il tarixli, 81(104) saylı “Fond” yazısında isə, yazar həm AFFA-nın həm də “Qarabağ”ın adını çirkinliklərlə birgə çəkməkdən belə çəkinməyib. AFFA-nı dilənçi, klubların “cib”inə göz dikən kimi qələmə verilən yazıda “Qarabağ”ın adına da layiq olmadığı sözlər yazılıb. Eyni zamanda bundan sonra da hər hansı klubun bu addımı atacağı təqdirdə onlarında da yumşaq desək, AFFA-nın tilovuna düşəcəkləri bildirilib. Bildirmək istəyirik ki, nə biz, nə də digər klublar kiminsə “tilovuna düşmək” üçün deyil, sadəcə olaraq Azərbaycan Futbolunun inkşafında pay sahibi olmaq, inkşafı daha da sürətləndirmək üçün edir. Bu ilki Çempionatın ötən illərinkindən daha səviyyəli olması , rəqabətin artması matçları idarə edən hakimlərin də üzərinə düşən məsuliyyəti artırır. Bunu əsas tutaraq, onların da işlərinə daha məsuliyyətlə yanaşmasını istəyib, yalnız ədalətliliyin yüksək səviyyədə olması üçün bu təklifə ilk olaraq biz cavab verdik. İnanırıq ki, bundan sonra da AFFA ilə klublar arasında Azərbaycan Futbolunun inkşafı üçün belə ələqələr davam edəcək və bir daha vurğulamaq istəyirik ki, “Qarabağ” Futbol Klubu bu yöndə atılan hər bir addımı dəstəkləyəcək. Bunu qəbul etməyənlər isə, sadəcə olaraq Azərbaycan Futbolunun inkşafını görmək istəməyənlərdir. “Qarabağ” Futbol Klubu Mətbuat Xidməti

Paylaş