Bir süqutun tarixçəsi (HET TRIK, 09.11.2005)

single-news
9 Noy 2005

Bir süqutun tarixçəsi (HET TRIK, 09.11.2005)



Ölkə çempionatının son turunda "İnter"ə 0:2 hesabı ilə məğlub olan "Qarabağ" turnir cədvəlində onuncu pilləyə endi. Ancaq düz bir il əvvəl - XIII ölkə birinciliyinin səkkizinci turundan sonra Ağdam klubu liderlər qrupunda qərarlaşmışdı. Həmin vaxt 8 görüşdən 18 xal toplayan "Qarabağ" liderdən bir xal geri qalaraq, üçüncü pillədə idi. Bu gün isə ağdamlılar çempionluğa oynayan komandadan ortabab bir kluba çevrilib. Buna görə də "Qarabağ"ın son bir ildəki enişinin səbəbini araşdırmaq qərarına gəldik. NƏTİCƏ ... Komandanın uğursuz çıxışının səbəblərinin kökündə ötən mövsümün nəticələri durur. Xatırlayırsınızsa, son mövsümdə "Qarabağ" uzun müddət liderlər qrupunda qərarlaşmışdı. Komanda ən pis halda ilk "üçlük"dəki yerini itirmirdi. Lakin son turlarda qeydə alınan xal itkiləri ağdamlılara mövqeyini itirmək bahasına başa gəldi. Ağdam klubu nəinki çempion olmadı, hətta komanda mükafatçılar sırasına belə düşə bilmədi. Nəticədə altıncı yerlə kifayətlənən "Qarabağ"ın sonrakı taleyində bu uğursuzluq böyük rol oynadı. ... MƏŞQÇİ ... Bir az əvvəl "Qarabağ"ın yaşadığı uğursuzluqların əsas səbəbi kimi komandanın çempionatın finişində büdrəməsini göstərdik. Ancaq klubun hansı səbəbdən birinciliyin sonunu zəif keçirdiyini də bilmək maraqlı olardı. Bunda isə bir çox amillərin rolu var. Əsas problemlərdən biri baş məşqçi İqor Ponomaryovla futbolçular arasında mövsüm ərzində narazılıqların olmasıdır. Futbolçular xüsusilə məşqçinin meydanda tətbiq etmək istədiyi taktikadan razı deyildilər. Ponomaryov xətti müdafiəyə üstünlük verərək, 4-4-2 taktiki sxemindən istifadə edirdi. Bu isə futbolçularda narazılıq yaradırdı. Ölkəmizdə demək olar ki, heç bir klub xətti müdafiədən istifadə etmədiyi halda, Ponomaryovun yetirmələri bu düzülüşlə meydana çıxmaq istəmirdilər. ... ANATOLİ PONOMARYOV ... "Qarabağ"ın uğursuzluğunun daha bir səbəbi ötən mövsüm komandanın baş məşqçisi İqor Ponomaryovun oğlu Anatolini heyətə cəlb etməsi oldu. Baş məşqçinin oğlunun onlara nisbətən daha çox pul almasını qəbul edə bilməyən digər futbolçular bundan öz narazılıqlarını bildirirdilər. Anatolidən qat-qat aşağı maaş alan, lakin komandaya ondan daha çox xeyir verən futbolçular bu haqsızlıqla razılaşmayaraq, onunla münaqişəyə girirdilər. Bu isə komandanın oyununa təsir göstərirdi. Bəzən futbolçular əlverişli mövqedə olan Anatoliyə ötürmə belə vermirdilər. Bütün bunlar kiçik Ponomaryova da təsir göstərirdi. Təsadüfi deyil ki, Anatoli "Qarabağ"da öz oyunun göstərə bilmədiyindən, tezliklə komandadan ayrıldı. Lakin klub artıq oyununu itirmişdi və Ponomaryovun gedişi də ağdamlıların yarasını sağaltmadı. ... OYUN ALVERİ ... Komandanın adı oyun alqı-satqısında da hallanırdı. Bu şübhələr xüsusən ölkə çempionatının 33-cü turunda səfərdə "Xəzər-Lənkəran"a 0:3 hesabı ilə məğlubiyyətdən sonra daha da artdı. Bu mənada xüsusilə komandanın müdafiəçiləri Boqaç və Kolinenkonun adı çəkilirdi. Bəziləri isə oyun alverində komandanın baş məşqçisi İqor Ponomaryovun da əlinin olduğunu deyirdilər. "Xəzər-Lənkəran"dan başqa "Qarabağ"ın birinci dövrədə paytaxtda "MKT-Araz"a 1:2 hesabı ilə məğlub olduğu görüşün də satıldığı gəzən söz-söhbət arasındadır. ... VƏ AZARKEŞ AMİLİ Şübhəsiz, hər bir komandanın uğurunda klubun azarkeşlərinin az da olsa rolu olur. Ancaq "Qarabağ"lı fanatlar ötən mövsümün sonunda kluba dəstək vermək əvəzinə ona qarşı çıxdılar. Azarkeşlər xüsusilə komandanın rusiyalı futbolçuları - Boqaç və Kolinenko, həmçinin Vadim Vasilyev, Vitali Kovalyov və baş məşqçi İqor Ponomaryovdan narazılıqlarını bildirirdilər. "Gəncə" ilə görüşdə isə narazılıq son həddə çatdı. Həmin qarşılaşmada fanatlar oyun boyu komanda üzvlərinin əleyhinə müxtəlif şuarlar səsləndirdilər. "Qarabağ"ın azarkeşlərinin daha bir çatışmazlığı kimi yalnış düşüncə tərzini də göstərmək olar. Onlar Ağdam klubuna qarabağlının rəhbərlik etməsini, komandanı qarabağlı mütəxəssisin çalışdırmalı olduğunu və heyətdə yalnız qarabağlı futbolçuların top qovmalı olduğunu desələr də, bu tam yalnış fikirdir. Bəlkə də mənimlə "Qarabağ"ın azarkeşləri razılaşmaya bilər. Ancaq bu fikir ən azı ona görə səhvdir ki, bu gün ölkədəki bütün qarabağlı futbolçuları bir yerə yığsan, heç bir komanda da düzəlməz. SON SÖZ VƏ YA BOŞA VERİLƏN ZAMAN Uğursuzluq klub rəhbərliyinə də təsirsiz ötüşmədi. Ən azı prezident Abdulbari Gözəl vitse-prezident funksiyalarını yerinə yetirən oğlu Tahir bəyi futboldan uzaqlaşdırmalı oldu. Yayda isə "Qarabağ"ın birinci dəstədə oynamaq istədiyi barədə ağılasığmaz fikirlər ortaya atıldı. Deyilənlərə görə, yalnız AFFA prezidenti işə qarışdıqdan sonra ağdamlılar yüksək liqada oynamağa razılıq verib. Heç bir məntiqə sığmayan fikirin əziyyətini isə komanda bu gün də çəkir. Təsadüfi deyil ki, bu söz-söhbət ortaya atıldıqdan sonra bir çox əsas heyət üzvləri komandanı tərk etdilər. Vadim Vasilyev, Emin İmaməliyev, Rauf Mehdiyev, Samir Abbasov, Vüqar Nadirov, İsmayıl və Aqil Məmmədovlar kimi səviyyəli futbolçuların gedişini isə "Qarabağ" sığortalaya bilmədi. Tez-tələsik Elxan Abdullayevi baş məşqçi postuna gətirən ağdamlılar yalnız Cahangir Həsənzadə və Müşviq Hüseynovun keçidi ilə öyünə bilərlər. Bir təhər formalaşan heyətlə çempionata başlayan "Qarabağ" ilk turlarda heç də pis oynamadı. "Neftçi"dən qızıl xallar alan ağdamlılar "Xəzər-Lənkəran"ı da udmaqla yadda qaldı. Ancaq bu nəticələrə baxmayaraq, "Qarabağ"ın çıxışını heç də qənaətbəxş hesab etmək olmaz.

Paylaş