Böyükhesablı səfər qələbəsi
Böyükhesablı səfər qələbəsi
“Şelburn” (İrlandiya) – “Qarabağ” – 0:3
Leandro Andrade, 13; Aleksey Kaşuk, 81; Nəriman Axundzadə, 85
“Qarabağ” 2025/26 mövsümündə ilk matçına çıxıb. Komandamız növbəti dəfə Çempionlar Liqasında mübarizəyə başlayıb. Yarışa ikinci təsnifat mərhələsindən qoşulan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv birinci oyunu səfərdə keçirib.
Dublində “Şelburn”un qonağı olan komandamız matça aşağıdakı start “11-liy”i ilə başlayıb: 97. Fabian Buntiç, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 11. Emmanuel Addai, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Qarşılıqlı hücumlarla başlayan görüşdə futbolçularımız erkən qol vurmağa müvəffəq olublar. Zubir-Bayramov-Andrade paslaşmasını sonuncu məntiqi sonluğa çatdırıb. Hesab açıldıqdan sonra komandamız oyuna tam diktə etməyə başlayıb. Topu özündə saxlayan futbolçularımız həm cinahlardan, həm də mərkəzdən rəqibə təzyiq yaradıb. İlk yarıda fərqi artırmaq üçün bir neçə dəfə imkan da olub. Lakin son anda gah zərbə qeyri-dəqiq alınıb, gah da rəqibin qapıçısı qola imkan verməyib.
İkinci hissədə də ümumi nəzarət komandamızın tərəfində olub. Çoxsaylı ötürmələr bəzi hallarda rəqibin qapısı qarşısında təhlükəli vəziyyətin yaranması ilə nəticələnib. Ardıcıl hücumlar son 10 dəqiqədə öz bəhrəsini verib. 5 dəqiqə ərzində həm Aleksey Kaşuk, həm də Nəriman Axundzadə adını tabloya yazdırmağı bacarıb. Beləliklə, komandamız səfərdə böyükhesablı qələbə qazanıb – 3:0.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin “Şelburn”la cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
