Böyükhesablı səfər qələbəsi
Böyükhesablı səfər qələbəsi
“Araz-Naxçıvan” - “Qarabağ” – 0:5
Toral Bayramov, 4, 28 (pen.), 65 (pen.); Musa Qurbanlı, 52; Kris Kuaku, 85
“Qarabağ” Misli Premyer Liqasında dördüncü oyununa çıxıb. Komandamız V tur matçında “Araz-Naxçıvan”ın qonağı olub.
Baş məşqçimiz Qurban Qurbanov “Liv Bona Dea Arena”da baş tutan görüşdə aşağıdakı start “11-liy”inə şans verib: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Oyuna sürətli başlayan futbolçularımız artıq 4-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. Künc nöqtəsindən ötürməni Toral Bayramov dəqiq zərbə ilə tamamlayıb. Komandamız erkən qoldan sonra da topa nəzarəti əlində saxlayıb. 27-ci dəqiqədə Aleksey Kaşuka qarşı cərimə meydanında kobudluğa görə rəqibin müdafiəçisi Slavik Alxasov qırmızı vərəqə alıb. Təyin olunan penaltini Toral qola çevirib. Bundan sonra da üstünlük tamamilə futbolçularımızın tərəfində olub.
Ardıcıl təhlükəli hücumlar quran komandamız fasilədən dərhal sonra fərqi 3 topa çatdırıb. İlk iki qolun müəllifi olan Toral bu dəfə məhsuldar ötürmə ilə yadda qalıb. Onun sol cinahdan ötürməsini Musa Qurbanlı qola çevirib. Matçın qəhrəmanı olan Bayramov 65-ci dəqiqədə hakimin təyin etdiyi ikinci penaltini də dəqiq yerinə yetirərək, het-trikə imza atıb. Qarşılaşmada son nöqtəni Kris Kuaku qoyub. Beləliklə, komandamız 5:0 hesablı səfər qələbəsi qazanıb.
Ehtiyatında bir oyun olan komandamız 4 qarşılaşmada 7 xal toplayıb.
Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu sentyabrın 26-da evdə “Qəbələ”yə qarşı keçirəcək.
