Çempionlar Liqasında ikinci zəfər

single-news
27 Avq 2025

Çempionlar Liqasında ikinci zəfər



Komandamız UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” buna pley-offda Macarıstan çempionu “Ferensvaroş”u mübarizədən kənarlaşdırmaqla nail olub.

 

Qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələlərində iştirak edən yeganə Azərbaycan klubu olan “Qarabağ” ikinci dəfə ən güclülər sırasında mübarizə aparacaq. Komandamız 2017/18 mövsümündə qrup mərhələsi formatlı əsas raundda da qüvvəsini sınayıb. “Qarabağ” 2024/25 mövsümündən yeni formatda keçirilən Çempionlar Liqasının Liqa mərhələsinə düşən ilk Azərbaycan klubu olub.

 

Ümumilikdə isə “Qarabağ”ın avrokubokların əsas mərhələlərində iştirak seriyası 12-yə çatıb. Komandamız ardıcıl 10 dəfə qrup, son iki mövsümdə liqa mərhələsi formatında əsas raundda çıxış edib.

 

2017/18 və 2025/26 mövsümlərində Çempionlar Liqasında əvvəl qrup, bu dəfə liqa mərhələsinə yüksələn “Qarabağ” 9 dəfə Avropa Liqasında belə uğura imza atıb. Komandamız 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21, 2022/23 və 2023/24 mövsümlərində qrupda, 2024/25 mövsümündə isə turnirin liqa mərhələsində mübarizə aparıb. Komandamız  2021/22 mövsümündə isə Konfrans Liqasında qrup mərhələsində iştirak edib.

 

“Qarabağ” üç dəfə qrup səddini də keçib. 2021/22 və 2022/23 mövsümlərində Konfrans Liqasının pley-offuna qədər irəliləyən komandamız 2023/24 mövsümündə Avropa Liqasında tarixi uğura – 1/8 finala vəsiqəyə sahib çıxıb.

 

Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsini püşkatması sabah keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 36 iştirakçıdan hər biri qarşılaşacağı 8 komandanı tanıyacaq.

Paylaş

// pop up