“Cəsarətli oyun göstərməyə çalışacağıq”
“Cəsarətli oyun göstərməyə çalışacağıq”
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və hücumçumuz Kamilo Duranın mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Çox böyük təcrübə əldə edə biləcəyimiz oyundur. Çempionlar Liqasının pley-off mərhələsində oynamaq Azərbaycan futbol tarixində ilkdir. Xüsusən də, “Nyukasl” kimi köklü klubla oynayacağıq. Dünyanın bir nömrəli çempionatından gələn komandadır. Oyuna hazırlaşmağa vaxtımız az oldu. Amma ümumilikdə futbolçularımız çox məsuliyyətli davranırlar, həyəcanlıdırlar. Onlar sabahkı matçı səbirsizliklə gözləyirlər. Hər biri özünün ən yaxşı oyunlarından birini keçirməyi düşünür. Doğma meydanımızda, azarkeşlərimizin önündə yaxşı mübarizə aparmağa, ağıllı və cəsarətli oyun göstərməyə çalışacağıq. Oyunçularımızın özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlarına inanıram”.
Kamilo Duran da azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Bizi tarixi və çətin oyun gözlədiyinin fərqindəyik. Doğma azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Çox güclü rəqiblə qarşılaşacağıq. Azarkeşlərimizi sevindirmək və uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
