Dörd hakim ömürlük diskvalifikasiya edildi (FUTBOL+, 20.08.2005)

single-news
20 Avq 2005

Dörd hakim ömürlük diskvalifikasiya edildi (FUTBOL+, 20.08.2005)



Daha altı fit sahibi son dəfə xəbərdarlıq aldı Azərbaycan futbolunda hər şey ola bilər. Amma dünən birdən-birə 4 hakimin AFFA-nın "ömürlük" qəzəbinə tuş gəldiyi haqda xəbəri eşidəndə məəttəl qaldıq. Üstəlik, 6 referiyə də son xəbərdarlıq edilib. Onlar heç nə bilmir? AFFA başbilənlərinin ömürlük hakimlikdən uzaqlaşdırdığı Məhəmməd Məmmədov, Zöhrab Qədiyev, Munis Abdullayev və Anar Salmanov "dördlüy"ündən hamısıyla danışa bilməsək də, hər halda, söhbətləşə bildiklərimiz oldu. Maraqlıdı ki, referilərdən heç biri nə üçün belə cəzaya layiq görüldüyünü bilmir, ya da bilib gizlədir. Məmmədov: "Mənim üçün çox gözlənilməz qərar oldu. Ümumiyyətlə, düşünürəm ki, haqqımda haqsız qərar çıxarıblar. İndi geniş danışa bilmirəm, sonra söhbət edərik". Abdullayev: "Mən bu məsələni araşdırandan sonra söhbət də edəcəm, mətbuat konfransı da keçirəcəm. Mənə aydın olmayan çox şey var. AFFA prezidentinin qəbuluna gedib onunla söhbət edəcəm". Məmmədov: "Cəzaya layiq olanlar da var" Ən təcrübəli hakimlərimizdən hesab olunan Xaqani Məmmədovun "dördlüy"ə baxanda bəxti gətirib. Hər halda, Xaqani bəy sevinə bilər ki, onun cəzası ömürlük hakimlikdən uzaqlaşdırılmaq yox, son xəbərdarlıq olub. Amma maraqlıdı ki, Məmmədov bəzi həmkarlarının cəzaya layiq olduğunu düşünür: "Bilmirəm nəyə görə mənə xəbərdarlıq etdilər. Heç nədən xəbərim yoxdu. Amma deyim ki, bu cəzaya layiq olanlar da var". İbrahimov özü gedib Səyavuş İbrahimovun Hakimlər Komitəsinin sədri postundan getməsi də gözlənilməz oldu. Amma bir fərq var ki, Səyavuş bəyi AFFA başbilənləri postundan uzaqlaşdırmayıb. Dediyinə görə, özü istefa verib: "Özüm istefa verdim. İşlərim çox idi, çatdıra bilmirdim. Çoxdan idi ki, getmək istəyirdim. AFFA tərəfdən heç bir təzyiq olmayıb. Mənim istefam bir neçə referinin hakimlikdən uzaqlaşdırılmasından əvvəl olub. Onların nə üçün belə cəzalandırıldığını isə aydınlaşdırmaq lazımdı". "Neftçi" yenə çempion olacaq? Digər üç referinin ömürlük cəzaya layiq görülməsinin sirri hələ ki, bilinməsə də, Qədiyevin hakimliyə "əlvida" deməsinin səbəbi az-çox bəllidi. Sabiq referi AFFA başbilənlərinin onu cəzalandırmalarının səbəbi kimi "Neftçi" - "Şahdağ-Samur" matçında birincilərin nəyə görə (?) qələbə qazanmasını göstərdiyini deyir. Guya Zöhrab bəy "Neftçi"yə kömək edib, bu isə "Turan"ın çempion olmasını istəyən federasiya rəsmilərinin xoşuna gəlməyib. Flaqmanın vitse-prezidenti Ramin Musayevin Qədiyevlə bağlı məsələyə münasibəti belə oldu: "Bizim heç bir hakimə təsirimiz olmayıb. "Neftçi" "Şahdağ-Samur"u da uda bilməyəcəksə, onda nə komandadı? AFFA-nın kimi çempion edib-etməyəcəyi haqda heç nə deyə bilmərəm. Amma onu deyim ki, bu mövsüm də sonadək "Neftçi"nin rəhbərləri sırasında yer alsam, komandamız yenə çempion olacaq". Qədiyevin "torbasını" qusarlılar tikib Qusar klubunun prezidenti Bəybala Məmmədov da etiraf etdi ki, Zöhrab bəydən AFFA-ya şikayət ediblər. Özü də necə lazımdı: "Kim deyir ki, "Neftçi"ylə oyunumuzun idarəçiliyindən narazı qalmamışdıq. Hələ fasilədə narazılığımı bildirmişdim. Baş hakimin səhvlərini hamı gördü. Deyə bilmərəm ki, Qədiyev "Neftçi"dən pul alıb. Amma o təcrübəli hakimdi. Qədiyevin qərəzi olmasa, belə səhvlərə yol verə bilməz. İstəməzdim Qədiyev bizim komandaya görə hakimlikdən uzaqlaşdırılsın. Hər halda, o bu peşəylə çörəkpulu qazanırdı. Amma bizə belə hakimlər də lazım deyil". Süleymanov alqışlayır, Cabbarov üzülür Onlar ikisi də belə baxanda futbolumuzun indiki hakimiyyətindən narazıdı. Amma hər ikisi sabiq referi olan Tahir Süleymanovla Gülağa Cabbarovun hakimlərin belə ağır cəzaya layiq görülməsinə münasibəti fərqlidi. Süleymanov: "Düşünürəm ki, bu daha əvvəl baş verməli idi. AFFA-nın cəzalandırdıqları siyahısında adı olmayan çox adam var. Rüşvətxorluqdan söhbət gedirsə və konkret adlar çəkilirsə, buna görə mütləq tədbir görülməlidi. Amma təkcə hakimləri cəzalandırmaqla yox. Referi rüşvət alırsa, pulu təklif edən klubdu. Həmin klub da çempionatdan çıxarılmalıdı. Ağacın budağını kəsməklə onun çürüməsinin qarşısını almaq olmaz. AFFA-nın bu qərarını həm alqışlayıram, həm də razı qalmadığım şeylər var". Cabbarov: "Düzü, bilmirəm ki, hakimləri nə üçün belə cəzalandırıblar. Mən özüm də veteran hakiməm. Ona görə də AFFA-nın çıxardığı bu qərar mənə çox pis təsir etdi. Başqa heç nə deyə bilmərəm". Məsələyə növbəti saylarımızda bir daha qayıdacağıq. Yəqin ki, ovaxtadək nə üçün cəzalandırıldığını bilməyən sabiq referilərimiz də özləri üçün bir şey hasil edəcək. Sonda cəzalandırılanların siyahısını bir daha xatırladaq. Hakimlikdən ömürlük uzaqlaşdırılanlar: Zöhrab Qədiyev, Munis Abdullayev, Məhəmməd Məmmədov, Anar Salmanov. Son xəbərdarlıq edilənlər: Xaqani Məmmədov, İmanxan Sultani, Rövşən Əhmədov, Vüsal Əliyev, Azad Mütəllimov, Emil İsgəndərov. Onu da deyək ki, İbrahimovun Hakimlər Komitəsinin sədri postundan getməsindən dərhal sonra federasiya rəsmiləri onu əvəz edəcək birini tapıb. Bu əvvəllər də sözügedən komitəyə rəhbərlik etmiş Əli Hüseynovdu. Amma təəssüf ki, Hakimlər Komitəsinə rəhbərliyi müvəqqəti xarakter daşıyan Hüseynovla söhbətləşmək istəyimiz baş tutmadı. Daha doğrusu, o özü bunda maraqlı olmadı. AFFA-dan isə bu qərara şərh vermək istəyən tapılmadı. Heç cəzaların federasiyanın hansısa orqanı tərəfindən, yoxsa Mirzəyevin şəxsi təşəbbüsüylə verildiyini də dəqiqləşdirə bilmədik.

Paylaş