Elxan Abdullayev: “Əgər bilsəm ki, səhvim var, bu dəqiqə getməyə hazıram” (ÇEMPİON,09.09.2005)

single-news
9 Sen 2005

Elxan Abdullayev: “Əgər bilsəm ki, səhvim var, bu dəqiqə getməyə hazıram” (ÇEMPİON,09.09.2005)



Hər halda onların Abdullayevin işindən narazı qalmaları və onun istefasını tələb edən məktubla klub rəhbərliyinə müraciət etmələri ilə bağlı yayılan xəbərlər belə deməyə əsas verir. Lakin baş verənlərin azarkeşlər tərəfindən təşkil olunması da bir qədər təccüblü görünür. Çünki “Qarabağ”ın ilk üç turda istefaya səbəb olan nəticə göstərdiyini də demək olmaz. Elxan Abdullayev də bu işdə kənar qüvvələrin olduğunu düşünür. - Elxan müəllim, son vaxtlar “Qarabağ”ın və şəxsən sizin adınız ətrafında baş verənlərə münasibətinizi bilmək maraqlı olardı? - Düzünü desəm, son hadisələr mənim üçün də çox maraqlıdır. Axı bütün bu baş verənlər haradan qaynaqlanır, səbəbi nədir? İş ondadır ki, bunlar hamısı qəsdən edilir və kimlər tərəfindənsə təşkil edilir. Yadınızdadırsa, ötən mövsüm də analoji hal baş vermişdi. Ö zaman “Gəncə” ilə keçirilən oyunda anti-rus şüarları səsləndirmişdilər. Yaxşı bəs indi nə olub? Mən ki, azərbaycanlıyam. - Deyirsiniz ki, bunlar hamısı təşkil olunub. Bəs təşkilatçıların kimliyi haqda sizdə hər hansı məlumat var? - Elə mən də həmin adamları axtarıram. Qoy üzə çıxsınlar, görək kimdirlər, nə istəyirlər. Oturub əməlli-başlı söhbət edək. Nöqsanlarımı da üzümə desinlər. Arxayın olsunlar, şəxsən mənim səhvim varsa, bu dəqiqə getməyə hazıram. Yoxsa anonim iş görməklə, yaxud azarkeşlərə təsir etməklə heç nəyə nail olmayacaqlar. - Bu hadisələrin təşkilatçısı kimi Adil Nadirovun adı daha çox hallanır. Bilmək istərdik ki, şəxsən sizin bu şəxslə münasibətiniz necədir? - Mənim Adil Nadirova qarşı nə vaxtsa elə bir hərəkət etdiyim yadıma gəlmir. Elə onun da mənə qarşı hansısa qərəzli münasibətini görməmişəm. Yenə deyirəm, baş verənlərin kim tərəfindən törədildiyi mənim üçün də qaranlıqdır. - Baş verənlər psixoloji cəhətdən komandaya təsir edir? - Şəxsən mənə heç bir təsiri yoxdur. Bunun qərəzli olduğunu bilirəm və uşaqlara da deyirəm. Təbii ki, baş verənlər komandaya təsirsiz ötüşmür. Ötən çempionatda azarkeşlərin hərəkətinin nəticəsi idi ki, “Qarabağ” “Gəncə” ilə oyunda xal itirdi. Lakin elə etməsinlər ki, gələn dəfə onları stadiona buraxmayaq. Onsuz da tələbləri yerinə yetirilməyəcək. - Qarşıdan “Bakı” ilə çətin oyun gəlir. Bu oyun haqqında nə düşünürsünüz? - “Bakı” çox güclü komandadır. Düzdür, ötən tur “Şahdağ”a məğlub oldular. Bununla belə, bizə qarşı oyunda bütün güclərini qoyaraq bu nəticənin təsadüfü olduğunu sübut etməyə çalışacaqlar. Komandamızda baş verənlərə baxmayaraq, oyuna ciddi hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, bu oyunda uğurlu nəticə qazanmaqla həm gücümüzü ortaya qoyaq, həm də “Qarabağ”ı gözü götürməyənlərə klubun nəyə qadir olduğunu göstərək. Əmrah Çəlikəl və Adil Nadirov bir-birlərini ittiham edirlər ”Qarabağ”da baş verən son hadisələrdə klubun təsisçilərindən biri olan Adil Nadirovun da adı hallanır. Düzdür, Elxan Abdullayev Nadirovdan bu cür hərəkət gözləmədiyini və münasibətlərinin qaydasında olduğunu bildirdi. Buna baxmayaraq, onun məsələyə münasəbitini öyrənməyi lazım bildik. Onun məsələyə reaksiyası çox sərt oldu: “Hər kəs, yəqin ki, Allaha inanır. Bax O Allaha and olsun ki, mənim baş verənlərdən heç bir xəbərim yoxdur. Gedirəm Türkiyəyə, gəlirəm görürəm haqqımda ağızlarına gələni deyiblər, mətbuat da götürüb yazıb. Mən gəlib məşqçi olan deyiləm, oraya məşqçi təyin edən deyiləm. Axı bu qədər də olmaz. Mən artıq futbolda deyiləm, futbola da nifrət edirəm. Qoy məni öz çirkin oyunlarına qarışdırmasınlar. Bunların hamısını eləyən Əmrah Çəlikəldir. Elxan Abdullayevlə biz on il çörək kəsmişik. O, mənim dostumun oğludur. Gərək insafla danışasan, heç pis məşqçi də deyil. Əgər komandada futbolçu yoxdursa, Elxan neyləsin? Bir daha bildirirəm ki, həm “Qarabağ”la, həm də futbolla çoxdan qurtarmışam”. Məsələ ilə bağlı Əmrah Çəlikəlin də münasibətini öyrəndik: “ Əvvəla onu deyim ki, “Qarabağ”da heç bir problem yoxdur. Bunlar hamısı şayiədir. Adil Nadirov barədə isə ümumiyyətlə, danışmaq istəmirəm. Onu məndən yaxşı tanıyan yoxdur. Onun necə adam olduğunu bilirəm. Adil Nadirovdan heç vaxt “Qarabağ”a xeyir gəlməyib, gəlməyəcək də”.

Paylaş