Elxan Abdullayev üçün qisas və özünüsübut matçı (FUTBOL+, 10.09.2005)

single-news
10 Sen 2005

Elxan Abdullayev üçün qisas və özünüsübut matçı (FUTBOL+, 10.09.2005)



.... "Qarabağ" - "Bakı": Abdullayevlərin qarşıdurması Matçı prinsipiallaşdıran əsas məqam Elxan Abdullayevlə bağlıdı. Belə ki, "Bakı" gənc mütəxəssis üçün tanış komandadı. Keçən mövsüm "Bakı" adı altında ilk matç Elxan bəy üçün həm də sonuncu oldu və o komandayla yollarını ayırdı. Maraqlıdı ki, elə "Qarabağ"a 0:2 hesabıyla uduzduqdan sonra adıçəkilən məşqçi bakılıların sıralarını tərk etməli oldu. O vaxt İqor Ponomaryovla dueldən məğlub ayrılan Abdullayev ikinci dövrədə Ağdam klubuna gəldi və bu mövsümdən komandanın baş məşqçisidi. Həmin vaxt "Bakı" Elxan bəyi seçim qarşısında qoymuşdu və o yığmada çalışmağı üstün tutdu. İndi gənc mütəxəssis onun üçün prinsipiallıq daşıyan "Bakı"yla dueldə məşqçilik bacarığını göstərməlidi. Özü də belə bir məqamda. Axı Elxan bəyə kənardan təzyiqlər var və onun Elbrus Abbasovla əvəzlənəcəyi haqda söz-söhbət gəzir. Ancaq göründüyü kimi, "Qarabağ"ın rəhbərliyi Abdullayevə etimad göstərir. Hələ də inamlı oyunuyla yadda qalan ağdamlılar bu dəfə də gücünü göstərməlidi. Bu isə "Şahdağ"a məğlub olduqdan sonra bəraət qazanmalı olan "zolaqlılar"ın işini çətinləşdirir. Elxan bəy ona yaxşı tanış olan həmsoyadıyla üz-üzə gələcək. Belə ki, o Əsgər Abdullayevi gənclər yığmasında çiyin-çiyinə işlədiyi dövrdən yaxşı tanıyır. Və bu məşqçilər qısa müddət də olsa, əsas yığmada da bir yerdə oldular. Mövsüm bitdikdən sonra "Bakı"ya lazım olmayan Dmitri Spirin, Dmitri Yeremeyev və Tərlan Mahmudov hazırda "Qarabağ"ın sıralarındadı. Bakının eyniadlı təmsilçisində baxışda olan, ancaq lazım olmayan Blajenko Bekovaç da özünü sübut etməyə çalışacaq. Mövsümlərarası fasilədə "Qarabağ"dan "Bakı"ya keçən Rauf Mehdiyev, Emin İmaməliyev və Vadim Vasilyev bu komandada da əsas heyət oyunçularından sayılır. Ötən mövsümün ikinci dövrəsində 9 nəfərlə qalan "Qarabağ"a "Bakı"yla oyunda vacib xal qazandıran Vadim indi ağdamlıların qapısına yol tapmalıdı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda təmir işləri getdiyindən "Qarabağ" rəqibini Bakıxanovda qəbul edəcək. Artıq bu haqda AFFA məlumatlandırılıb və hər iki komandanın bu stadionda məşq etdiyini də qeyd etmək lazımdı. ....

Paylaş