Əvəzedicilər də qonaqlardan yaxşı oynadı (FUTBOL+, 17.10.2005)

single-news
17 Okt 2005

Əvəzedicilər də qonaqlardan yaxşı oynadı (FUTBOL+, 17.10.2005)



Qarabağ (Ağdam) - Viləş (Masallı) 1:1 (1:1) Qarabağ: Elçin Cəfərov, Hüseyn İsgəndərov, Dmitri Yeremeyev, Aslan Kərimov, Müşfiq Hüseynov (k) (Cavad Cavadov, 62), Aleksandr Voskoboynik (Mehram Əliyev, 60), Eltay Aslanov, Mübariz Orucov, Rəşad Muradov (Fərid Haqverdiyev, 65), Ruslan Musayev, Namiq Yusifov. Baş məşqçi: Elxan Abdullayev. Viləş: Elvin Əliyev (Vidadi Hüseynov, 46), Vüqar İsayev, Asiman İbiyev, Azər Bəşirov (k), Elnur Fərəcov, Elvin Məmmədov, Əsəd Ağayev, Telman Sağıyev, Röyal Həsənov (Elşən Zamanov, 90+1), İlkin Əhədov, Mail Cəfərov (Azər Əkbərov, 46). Baş məşqçi: Sehran Babayev. Qollar: A.Kərimov, 38 (1:0). T.Sağıyev, 45+2 (1:1). Vərəqə: yoxdu. Hakimlər: ELVİN ƏSGƏROV, Ruslan Babayev, Zaur Əliyev, Venera Muradova (hamısı Bakı). Hakim-inspektor: Məlik Həsənov (Bakı). AFFA nümayəndəsi: Mehdi Qasımov (Bakı). 15 oktyabr. Bakı. İ.Qayıbov pdına Bakıxanov qəsəbə stadionu. 100 tamaşaçı (??? yerlik). Üç həftə əvvəl keçirilən qarşılaşma cütün taleyinə aydınlıq gətirdiyindən bu oyun böyük əhəmiyyət daşımırdı. Amma istənilən halda elita klubu səviyyəsini qələbəylə göstərməyə, 4 oyunluq cəzadan sonra texniki zonaya dönən baş məşqçinin qayıdışını qeyd etməyə borclu idi. Amma Elxan bəy əsas heyətin bir çox futbolçularına istirahət, gənclərə isə debüt şansı verdi. Demək olar ki, meydanın "Viləş"ə aid olan hissəsində cərəyan edən ilk yarıda böyükhesablı qələbə təmin olunmalıydı. Amma nə Dmitri Yeremeyev Mübariz Orucovun asmalarından sonra əldə etdiyi imkanları, nə də hücum dueti qol sevinci yaşaya bilmirdi. Az qala cərimə meydançasından uzaqlaşmağa belə çətinlik çəkən qonaqların ilk zərbəsi 24-cü dəqiqədə... əllə oldu. Asmanı başla qapaya bilməyən Mail Cəfərov onu əliylə tora göndərmək istədi. Şifahi xəbərdarlıqla canını qurtaran hücumçunun oyundaşları isə 38-ci dəqiqəyə qədər müdafiə oluna bildi. Voskoboynikdən ötürmə alan Aslan Kərimovun 20 metrdən vurduğu zərbə isə qarşısıalınmaz idi. Arxayınlıq üstünlüyün erkən itirilməsiylə nəticələndi. Nadir asmaların birində Elvin Məmmədovun baş zərbəsi dirəkdən döndüsə, Telman Sağıyev təkrar toxunuşla onu tora göndərdi. İkinci hissədə tərəflər qələbəyə istəkli olduğunu hiss etdirmədi. Kortəbii irəli gedən ağdamlılar birinci hissədə yaratdıqları imkanlardan qat-qat az təhlükəli epizodla yadda qaldı. Elə qonaqlar da əks-həmlə qurmağa həvəsli deyildi. Abdullayev özü də sanki nəticəylə barışmış kimi əvəzetmələrlə gənclərə də debüt şansı verdi. Asan qələbəni düşünən meydan sahiblərinin əslində başqa variantı da yox idi. Çünki əsas heyət oyunçuları matçı tribunadan izləyirdi.

Paylaş