Giray Bulak “Qarabağ”a gələcəkmi? (ÇEMPİON, 08.07.2005)

single-news
8 İyl 2005

Giray Bulak “Qarabağ”a gələcəkmi? (ÇEMPİON, 08.07.2005)



Son günlərdə ölkə mətbuatında gündəmdə olan məsələlərdən biri “Qarabağ”a Giray Bulakın baş məşqçi gətirməsi məsələsidir. Ümumiyyətlə, bu xəbərin ciddiliyinə inanmaq çətindir. Belə ki, türkiyəli mütəxəssis iyun ayında “Dənizlispor”la ikillik müqavilə imzalayıb. Hazırda “xoruzlarla” bir yerdə təlim-məşq toplanışında olan Bulak komandasını UEFA Kubokunun oyunlarına hazırlayır. Bir də nəzərə alsaq ki, Ağdam təmsilçisi maddi məsələlərdə böyük problem yaşayır və əlində olan heyəti saxlaya bilmir, onda “Qarabağ”ın külli miqdarda pul xərcləyib adlı-sanlı məşqçini gətirməsi inandırıcı deyil. Türkiyədən təzə dönən ağdamlıların icraçı direktoru Əmrah Çəlikəl də bu xəbəri təkzib etdi: “Giray Bulakla danışıqlar aparılmayıb. Bir-iki məşqçi ilə söhbətlərimiz olub. Ola bilər ki, klubumuza yerli məşqçi də rəhbərlik etsin. Klubun prezidenti ilə görüşümüz olacaq və bundan sonra yekun qərar veriləcək. Oyunçu məsələsinə gəlincə, hal-hazırda bizim əlaqədə olduğumuz menecer şirkətləri ilə əlaqə saxlamışıq. Onlar yeni məşqçi təyin olunan kimi bizə futbolçular təklif edəcəklər. Bir də ki, bəzi yerli oyunçularla da danışırıq. Onların arasında Müşfiq Hüseynov da var. Amma son qərarı yeni məşqçimiz verəcək”. Onu da xatırladaq ki, yeni məşqçinin kimliyinə həftəsonu aydınlıq gəlməlidir.

Paylaş