Hüseynov klubların yardımının problem yaratmayacağını düşünür (FUTBOL+, 11.10.2005)

single-news
11 Okt 2005

Hüseynov klubların yardımının problem yaratmayacağını düşünür (FUTBOL+, 11.10.2005)



AFFA-nın yeni ideyası olan "Hakimlər fondu" barədə ötən sayımızda bəhs etmişdik. Xatırlatmaq yerinə düşər ki, fond klubların maddi dəstəyilə hakimlərin qonorarını artırmaq niyyətilə yaradılıb. Və artıq ilk hədiyyə "Qarabağ"dan gəlib - 45 milyon manat. Fond ideyası gündəmə gələndə çoxları bunun uğurlu olmayacağını, klublar arasında ayrıseçkilik salacağını düşünürdü. Axı hər necə olsa, çempionatda iştirak edən komandaların hamısının maddi vəziyyəti eyni deyil. Elə bu barədə də ötən sayımızda yazmışdıq. Amma həmin vaxt çox çalışmağımıza baxmayaraq, Hakimlər Komitəsinin sədri Əli Hüseynovdan fond haqda fikirlərini öyrənə bilmədik. Mövzunu qapanmış hesab etmədiyimizdən yenidən Hüseynovu aramaq qərarına gəldik. Samuxa ezamiyyətdən qayıdan Komitə sədri yol yorğunluğuna baxmayaraq fikirlərini söylədi: "Əslində bu bizim işimiz deyil. Belə bir fond yaradılması təklifini də klublar özləri irəli sürmüşdü. O ki qaldı hakimlərin qərəzli ola bilməsinə, belə güman etmirəm. Çünki hansı klubun hansı məbləğdə vəsait ödəməsindən asılı olmayaraq, onlara qarşı münasibət eyni olacaq. Məsələn, lap istəyir "Göyəzən" bizim onillik qonorarımızı ödəsin. Əgər meydana çıxıb oynaya bilməyəcəksə, hakimlər ona nə kömək edə bilər? Eləcə də başqa klublar. Bir sözlə, kimin nə qədər pul köçürməsi hakimlərin oyun idarəçiliyinə qətiyyən təsir göstərməyəcək".

Paylaş