"İMPERATOR" TAXTINA ÇIXDI !

single-news
28 İyn 2005

"İMPERATOR" TAXTINA ÇIXDI !



Dünən futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Türk futbolunun tarixi ərzində ən yaxşı mütəxəssislərdən olan Fatih Terim yenidən millinin sükanı arxasına keçib. Türkiyə Futbol Federasiyasının prezidenti Ləvənt Bıçakçı Fatih Terimlə 5 illik müqavilə imzalamaq qərarına gəldiklərini deyib. Fatih Terim isə ilk növbədə komandanın keçmiş çalışdırıcısı Ərsun Yanala təşəkkür edib. Türkiyə milli komandasını Dünya çempionatının final mərhələsində görmək istəyən Terim sözünə belə deyib: "Məqsədim yaxın zamanda türk futbolunu zirvələrə qaldırmaqdır. Son zamanlar çoxları futbolumuzun səviyyəsinin aşağı düşdüyünü düşünsə də hamıya bunun tam əksini sübut edəcəyik. Qrupdakı vəziyyətimiz yaxşı olmasa da qənaətbəxşdir. Qarşıda Danimarka millisi ilə çox mühüm matçımız var. Bu görüşü qazandığımız halda mundial barədə düşünə bilərik. Dünya çempionatına vəsiqə qazansaq bu, Ərsun Yanalın uğuru, mundialdan kənarda qalsaq, bu, Fatih Terimin uğursuzluğu sayılacaq". 52 yaşlı mütəxəssis son zamanların əsas müzakirəsi olan Hakan Şükür barədə də danışmağı unutmayıb: "Futbol ictimaiyyətinin bir futbolçunu bu qədər müzakirə etməsi heç də normal bir şey deyil. Millinin qapıları hər bir futbolçunun üzünə açıqdır. Hakan türk futboluna hər zaman xeyir verib. O, türk futbolunun tarixində özünəməxsus iz qoymuş futbolçulardandır. Lakin buna baxmayaraq heyətə onu da cəlb edə bilərik, üçüncü liqadan bir futbolçunu da". Sonda isə Terim yaxın zamanlarda millidə böyük dəyişikliklər gözlənilmədiyini deyib:"Qarşıdakı oyunlarda heyətdə köklü dəyişikliklər baş verməyəcək. 12 oyunluq seçmə mərhələnin 9 görüşü arxada qalıb. Buna görə də demək olar ki, eyni futbolçulara şans verəcəyik". Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən ötən həftə yığmanın keçmiş çalışdırıcısı Ərsun Yanal vəzifəsindən kənarlaşdırılıb. Buna milli komandanın Dünya çempionatı 2006-nın seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub. Yığma komandanın yeni çalışdırıcısı - Fatih Terimi bu vəzifədə debütant saymaq olmaz. Belə ki, "İmperator" ləqəbiylə tanınan mütəxəssis 1993-96-cı illər aralığında Türkiyə millisini çalışdırıb. Yığma komanda Terimin rəhbərliyi altında tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb. Lakin Terimin möhtəşəm uğurları bununla bitmir. Belə ki, "İmperator" "Qaltasaray"la birgə UEFA kubokunu qazanıb. Terim həm də İtaliyanın "Fiorentina" və "Milan" klublarını da çalışdırıb.

Paylaş