Mərkəzi arenada möhtəşəm geridönüş
Mərkəzi arenada möhtəşəm geridönüş
“Qarabağ” – “Sabah” – 3:3
Pedro Bikalyo, 73, Kevin Medina, 78, Musa Qurbanlı, 84 - Xəyal Əliyev, 13, Aron Maluda, 54, Coy Lens Mikels, 60
Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının XXII turundakı rəqib “Sabah” olub.
Turun bağlanış matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Komandamız görüşə aşağıdakı start “11-liy”i ilə başlayıb: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Liderlərin oyunu qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda sürətli hücumlarla rəqib müdafiəsini yarmağa çalışıb. Matçda hesabı erkən qolla rəqib açıb. Bundan sonra komandamız bərabərlik topu üçün üstünlüyü ələ alıb. Lakin fasiləyə qədər hesabı dəyişmək mümkün olmayıb.
İkinci hissədə topa nəzarət daha çox komandamızın tərəfində olub. Ancaq müdafiədə çoxluq təşkil edən rəqib 7 dəqiqə ərzində əks-hücumdan daha iki dəfə fərqlənib. Buna baxmayaraq, mübarizədən qopmayan futbolçularımız rəqib qapısı qarşısında təzyiqi daha da artırıblar. Bunun bəhrəsi olaraq qısa müddətdə fərqi minimuma endirmək mümkün olub. Əvvəlcə Pedro Bikalyo, 5 dəqiqə sonra isə Kevin Medina toru silkələyib. Üstünlüyünü davam etdirən komandamız 84-cü dəqiqədə Musa Qurbanlının başla vurduğu qol sayəsində möhtəşəm geridönüş edib.
Beləliklə, qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra komandamız 46 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Misli Premyer Liqasında növbəti oyununu martın 8-də keçirəcək. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda “Araz-Naxçıvan”ı qəbul edəcək.
