Oyunlardan görüntülər artıq bütün kanallarda olacaq ( FUTBOL+, 27.08.2005)

single-news
27 Avq 2005

Oyunlardan görüntülər artıq bütün kanallarda olacaq ( FUTBOL+, 27.08.2005)



Ötən çempionat belə olmamışdı. AFFA-dan şərikli yayın hüququ alan Az.TV və "Lider"dən başqa (hərçənd "Lider" birinci dövrədən sonra geri çəkildi) digər özəl kanallar da çempionat oyunlarından görüntü verə bilirdi. Həm də heç bir problem olmadan. Cari mövsüm isə bir qədər fərqli başladı. Arxada qalan iki tur ərzində özəl televiziyaların heç biri tamaşaçılarına matçlardan görüntü təqdim edə bilmədi. Nə üçün belə oldu - bu suala cavab tapmaq üçün Az.TV-nin Gənclik və İdman Redaksiyasının baş redaktoru Bəxtiyar Qaracayla əlaqə saxladıq: "Biz idmanın təbliği naminə hər bir özəl kanala güzəştə getmək qərarına gəldik. Buna görə də stadiondan 5 dəqiqəlik çəkiliş üçün icazə verilib. Həmçinin sonradan qolların videoyazısını da onlara çatdıracağıq. Bunun qarşılığında isə heç bir maddi marağımız yoxdu. Artıq ANS, ATV və İTV bu məsələylə bağlı bizə müraciət edib. Müəyyən problem yarandığı təqdirdə istənilən oyunu canlı yayınının da hər hansı telekanala veriləcəyi istisna deyil". Qarşısına sədd çəkilən özəl televiziyaların hansı addım atacağını da öyrənmək istədik. Vasif Ağamirli (Lider): "Az.TV-dən narazılığımız yoxdu. Keçən turlarda bizə çəkiliş aparmağa AFFA nümayəndələri mane oldu. Hələ müraciət etməmişik. Amma güman edirik ki, Az.TV-ylə razılığa gəldikdən sonra onlar AFFA-ya bu barədə müəyyən məlumat verəcək". Asif Bağırov (ANS): "Artıq Az.TV-yə müraciət etmişik, qalır AFFA-yla razılığa gəlmək. Onlarla da anlaşdıqdan sonra tam çəkiliş hüququ əldə edəcəyik". Gözünüz aydın, artıq çempionat oyunlarından görüntüləri əksər kanallarımızda görəcəksiz. Amma Az.TV rəhbərliyi ilə söhbətdən sonra belə qənaətə gəldik ki, indiyədək digər kanallarımız bunda bir o qədər maraqlı olmayıb. Problemin həlli sadə imiş: müraciət et və razılaş. Həm də təmənnasız.

Paylaş