"QARABAĞ" ANTALYADA MƏŞQLƏRİNİ DAVAM ETDİRİR.(525-Cİ QƏZET, 12.01.2005)

single-news
12 Yan 2005

"QARABAĞ" ANTALYADA MƏŞQLƏRİNİ DAVAM ETDİRİR.(525-Cİ QƏZET, 12.01.2005)



Futbol üzrə milli çempionatın birinci dövrəsi başa çatdıqdan sonra qısa müddət dincələn komandalar artıq hazırlığa başlayıblar. Yanvarın 6-dan məşqlərə start verən "Qarabağ" bir neçə gün Bakıda toplaşıb. Bunun ardından Ağdam komandası təlim-məşq toplantısı keçirmək məqsədilə Türkiyənin Antalya şəhərinə yollanıb. "Qarabağ" orada hazırlaşmaqla yanaşı, bir neçə yoxlama görüşləri keçirməyi planlaşdırıb. Dövrələrarası fasilədə komanda heyətini İran İslam Respublikasının "Maşinsazi" klubunda çıxış etmiş Müşfiq Qəmbərovla gücləndirib. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Asif Əsgərovun verdiyi məlumata görə, Antalyada komandaya klubun türk futbolçularından Engin Özmən, Mustafa Coşqun və daha 4 legioner qoşulub. Beş ulduzlu "Sural Saray" otelində məskunlaşan Ağdam klubu gündə iki dəfə məşq edir. "Qarabağ" yanvarın 14-ü, 19-u və 22-də yoldaşlıq oyunları keçirməyi nəzərdə tutub. Lakin hələlik rəqiblərin hansı komanda olduğu müəyyənləşməyib. Ağdam komandasının Antalyadakı hazırlıq prosesi yanvarın sonlarına kimi davam edəcək. Lakin "Qarabağ"ın oyunçularından qapıçı Rauf Mehdiyev, müdafiəçilərdən Aslan Kərimov, Samir Abbasov, yarımmüdafiəçi İsmayıl Məmmədov, hücumçu Vüqar Nadirov milli komandaya çağırıldığı üçün yanvarın 17-də Bakıya qayıdacaq. Aldığımız digər xəbərə görə, Ağdam təmsilçisindən yığmaya dəvət olunan digər yarımmüdafiəçi Anatoli Ponomaryovla klubun baş məşqçisi İqor Ponomaryov isə dünən İsveçdən paytaxtımıza geri dönüb. Amma maraqlı burasıdır ki, adıçəkilənlər hələ də Antalyada məşq keçən "Qarabağ"a qoşulmayıblar.

Paylaş