"QARABAĞ" ASLAN KƏRİMOVLA SAMİR MUSAYEVİ GERİ QAYTARDI (HET-TRİK, 26.07.2005)

single-news
26 İyl 2005

"QARABAĞ" ASLAN KƏRİMOVLA SAMİR MUSAYEVİ GERİ QAYTARDI (HET-TRİK, 26.07.2005)



Ağdam təmsilçisi məşqçi problemini həll etsə də, hələ ki, heyəti tam formalaşdıra bilməyib. Çempionat başa çatdıqdan sonra komandanın əsas silahları Rauf Mehdiyev, Emin İmaməliyev, Vadim Vasilyev, Aqil Məmmədov, Aslan Kərimov, Samir Musayev və başqaları "Qarabağ"ı tərk etdi. Ancaq indi vəziyyət tamamilə fərqlidir.Elxan Abdullayevin baş məşqçi postuna gətirilməsindən sonra gənc çalışdırıcı heyəti tərk edən futbolçulardan bir neçəsinin geri qaytarılmasını istəyir. Artıq "Karvan"la anlaşdığı söylənilən Aslan Kərimov və "Turan"la birillik müqavilə bağlayan Samir Musayev geri dönüb. Məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın icraçı direktoru Əmrah Çelikellə əlaqə saxladıq: "Çempionat bitdikdən sonra komandanın strategiyası bəlli deyildi. Planlarımızı müəyyənləşdirənədək futbolçulara klub axtarmağa icazə vermişdik. Gedənlərdən bir çoxunun müqavilə müddəti başa çatmışdı. Bizimlə anlaşmaları olanlar isə rəhbərliyin razılığı ilə başqa klublarda məşq edirdilər. Yeni baş məşqçimiz isə onlardan bir neçəsini komandada görmək istəyir. Artıq Aslan Kərimovla Samir Musayev geri dönüb. Bunlardan başqa bir neçə futbolçunun da geri dönəcəyi gözlənilir". Bir neçə ay əvvəl uşaq futbol məktəbi açan "Qarabağ" klubu buradakı uşaqları Həmdi Sərpil Tüzünə tapşırmışdı. Ədalət naminə onu da söyləyək ki, Həmdi bəy öz işinə ciddi yanaşırdı və yeniyetmələrin gələcəyinə inanırdı. Aldığımız bilgiyə görə, türk mütəxəssis "Qarabağ"lı əlaqələri kəsərək geri dönüb. Bu məsələyə də aydınlıq gətirən Çəlikəl bunları söylədi: "Uşaq futbol məktəbi üçün bizdə lazımi şərait yoxdur. Stadion da o cümlədən. H.S.Tüzün hazırda Türkiyədədir. O, bir neçə günə Bakıya dönəcək. Hazırki şərait Həmdi bəyi qane edirsə, bizim onunla heç bir problemimiz olmayacaq. Razı qalmazsa, bu onun öz işidir. "Qarabağ" klubu Tüzünkimi mütəxəssislərlə işləməyə həmişə hazırdır".

Paylaş