"QARABAĞ" ELİTANI TƏRK EDƏ BİLƏR (HET-TRİK, 07.06.2005)

single-news
7 İyn 2005

"QARABAĞ" ELİTANI TƏRK EDƏ BİLƏR (HET-TRİK, 07.06.2005)



"Qarabağ" 13-cü ölkə çempionatında uzun müddət turnir cədvəlinə başçılıq etsə də, mövsümü heç də nikbin notlarla bitirmədi. Ağdam Klubu nəinki medal qazana bilmədi, hətta ilk beşlikdən də kənarda qaldı. Uğursuzluğun əsas səbəbləri kimi, bir çox amilləri göstərmək olar. Şübhəsiz ki, burada klub daxili ab-havanın istənilən səviyyədə olmaması az rol oynamayıb. Məsələn: "Qarabağ"ın ayrı-ayrı futbolçularının matçların satılmasında iştirakı az söz-söhbət mövzusuna çevrilməyib. Hərçənd məhz klub rəhbərliyinin adı oyun alverində hallanmırdı. Aldığımız bilgiyə görə, "Qarabağ" növbəti mövsümdə yüksək liqada çıxış etməmək qərarına gəlib. Məhz bu üzdən yeni baş məşqçinin adının müəyyənləşməsi yubanırdı. Ağdam təmsilçisinin rəhbərliyinin üzləşdiyi haqsızlıqlar, xüsusilə də futbolçuların qeyri-peşəkar hərəkətləri və çempionatda baş verən neqativ hallara görə belə addım atmaq fikrinə düşdüyü söylənilir. Buna baxmayaraq, komandanın himayədarları uşaq futboluna diqqəti azaltmayacaqlar. Əksinə, "Qarabağ" rəhbərliyi bu yöndə daha ciddi fəaliyyətə başlayacaq. Xəbəri dəqiqləşdirmək üçün klub rəsmilərilə əlaqə saxlamağı unutmadıq. Amma rəhbərlik hələ də susmağa üstünlük verir.

Paylaş