"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı

single-news
28 İyl 2026

"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı



Bu gün "Qarabağ" Futbol Klubu ilə “BonAqua” brendi arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

 

Tədbirdə “Qarabağ” Futbol Klubunun baş direktoru Emrah Çelikel, klubumuzun rəsmiləri, "Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Rəna Məmmədova və şirkətin nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edən Emrah Çelikel tərəfdaşlığın uğurlu olacağına inandığını bildirib: "Qarabağ" FK olaraq uzunmüddətli və etibarlı tərəfdaşlıqlara hər zaman böyük önəm veririk. “BonAqua” kimi keyfiyyət və sağlam həyat tərzi ilə assosiasiya olunan bir brendin klubumuzun rəsmi su tərəfdaşı olması bizi məmnun edir. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq və gələcəkdə birgə həyata keçirəcəyimiz layihələrlə daha da möhkəmlənəcək”.

 

"Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Rəna Məmmədova da əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “BonAqua” olaraq idmanın və sağlam həyat tərzinin təşviqini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Azərbaycanın ən uğurlu futbol klublarından biri olan "Qarabağ" FK ilə tərəfdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq həm idmanın inkişafına töhfə verəcək, həm də azarkeşlər üçün dəyər yaradan layihələrin həyata keçirilməsinə imkan yaradacaq”.

 

İmzalanan müqaviləyə əsasən, “BonAqua” qarşıdakı illər ərzində "Qarabağ" FK-nın rəsmi su tərəfdaşı olacaq. Əməkdaşlıq çərçivəsində “BonAqua” klubun əsas komandası və digər fəaliyyət istiqamətlərinin su təminatını həyata keçirəcək. Tərəflər gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar. 

 

İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri təqdim olunub. "Azerbaijan Coca-Cola Bottlers” “Qarabağ” üçün hazırlanan xüsusi hədiyyəni, klubumuz isə komandamızın formasını təqdim edib.

 

Qeyd edək ki, “BonAqua” "Azerbaijan Coca-Cola Bottlers”in Azərbaycanda istehsal etdiyi təbii içməli su brendidir. Məhsul beynəlxalq keyfiyyət sertifikatlarına və şirkətin yüksək istehsal standartlarına uyğun hazırlanır.

 

İdmana verdiyi dəstəklə tanınan “BonAqua” indiyədək Azərbaycanda keçirilmiş "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, “Tour d’Azerbaijan”, Bakı Marafonu, "Formula 1" Azərbaycan Qran-prisi və digər mötəbər idman tədbirlərində idmançıların, komandaların, rəsmi nümayəndələrin və azarkeşlərin su təminatında iştirak edib.

 

Bu tərəfdaşlıq "Qarabağ" FK ilə “BonAqua” arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın başlanğıcı olmaqla yanaşı, sağlam həyat tərzinin təşviqi və Azərbaycan idmanının inkişafına verilən dəstəyin daha bir göstəricisidir.

Paylaş

// pop up