"Qarabağ" məşqçi seçimində çətinlik çəkir ( 525-Cİ QƏZET, 09.07.2005)

single-news
9 İyl 2005

"Qarabağ" məşqçi seçimində çətinlik çəkir ( 525-Cİ QƏZET, 09.07.2005)



NAMİZƏDLƏR ARASINDA HƏM ƏCNƏBİ, HƏM DƏ YERLİ MƏŞQÇİLƏRİN ADI HALLANIR Futbol üzrə XIII milli çempionatda zəif çıxışı ilə yadda qalan "Qarabağ" klubunun qarşıdakı mövsümdə birinci dəstədə iştirak etmək niyyəti var idi. Lakin sonradan bu fikirdən əl çəkildi. İndi Ağdam kollektivini əksər futbolçular tərk edib, bu azmış kimi komandanın baş məşqçisi də müəyyənləşməyib. "Qarabağ"da belə vəziyyətin yaşanması çoxlarını narahat edir. Hətta Türkiyə, Rusiya, Belarusiya və Moldovada yaşayan soydaşlarımız tez-tez Azərbaycandakı dostları ilə əlaqə saxlayaraq vəziyyətin nə yerdə olmasını soruşurlar. "Qarabağ"ın rəhbərliyi bir ara Türkiyəyə səfər edərək məşqçi problemini həll etməyə çalışsa da, istəyinə nail ola bilmədi. Buna baxmayaraq, axtarışlar davam edir. Qardaş ölkədəki namizədlər arasında Giray Bulak və Ərdoğan Arıcanın adı hallandırılır. Klub yerli məşqçilərlə də maraqlanır. Aldığımız məlumata görə, baş məşqçi postuna bir neçə namizəd var. Bunlar arasında "Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov, "Qarabağ"ın məşqçilərindən Səttar Əliyev, Elxan Abdullayev və 17 yaşlılardan ibarət yığmanın, AMMK-nın əsas çalışdırıcısı Şakir Qəribovun adları çəkilir. Amma növbəti milli çempionatın başlanmasına az müddət qalmasına baxmayaraq, "Qarabağ"ın rəhbərliyi seçim etməkdə çətinlik çəkir. Əvvəla, türk mütəxəssislərini gətirmək üçün güclü maliyyə imkanları olmalıdır. Bu məsələdə tərəflərin razılaşacağı inandırıcı görünmür. Yerli məşqçilərə gəlincə, "Neftçi"yə çempionluq qazandıran A.Mircavadov hazırda flaqmanı çalışdırır. Digər tərəfdən, xatırlayaq ki, əvvəlki mövsümdə "Qarabağ" bu mütəxəssislə ilkin razılıq əldə etsə də, sonradan onun xidmətindən imtina etmişdi. Bu səbəblərdən Mircavadovun Ağdam klubuna gəlişi çətin məsələdir. E.Abdullayev və ya Ş.Qəribov isə komandanın baş məşqçisi təyin edilsə, bunun heç bir effekti olmayacaq. Belə ki, Abdullayev geridə qalan mövsümün ikinci turunda "Bakı"nın "Qarabağ"a 0:2 hesablı məğlubiyyətindən sonra paytaxt komandasından istefaya göndərilmişdi, Qəribov isə AMMK-ya qədər hansısa klubda çalışmayıb. Özü də o, bekar deyil. Göründüyü kimi, adını çəkdiyimiz məşqçilərlə "Qarabağ"ın uğur qazanacağını düşünmək sadəlövhlük olardı. Klub məşqçi kimi Ağdam komandasına nailiyyətlər qazandırmış Elbrus Abbasovu yada salsa, bunun çox xeyri ola bilər. Bu təklif həyata keçirilməsə, futbolçu kimi uzun müddət Ağdam komandasının müvəfəqqiyyətində böyük rolu olan S.Əliyevə üstünlük vermək məqsədəuyğundur. Bir məqamı vurğulayaq ki, əvvəlki əsas çalışdırıcı İqor Ponomaryovun dövründə məşq proseslərinin əksəriyyətini hazırkı çalışdırıcı Əliyev keçirib. S.Əliyevin futbolçu kimi təcrübəli məşqçilərdən Ağasəlim Mircavadov və Böyükağa Ağayevin rəhbərliyi altında "Qarabağ"ın heyətində uğur qazanmasını da unutmaq olmaz.

Paylaş