"Qarabağ" məşqləri intensivləşdirib (ÜÇ NÖQTƏ, 13.10.2005)

single-news
13 Okt 2005

"Qarabağ" məşqləri intensivləşdirib (ÜÇ NÖQTƏ, 13.10.2005)



"Xəzər-Lənkəran"la görüşdən sonra bir neçə gün istirahətə buraxılan "Qarabağ" oktyabrın 7-dən etibarən yenidən məşqləri bərpa edib. Üç günlük məşqlərdən sonra ağdamlılar 5 günlük təlim-məşq prosesinə başlayıb. Milli çempionatda yaranmış fasilədən maksimum dərəcədə yararlanmaq üçün Zuğulbada qalacaq Elxan Abdullayevin yetirmələri gündə iki dəfə Buzovna stadionunda məşq edir. Bu, komandanın fiziki, texniki və taktiki hazırlığının yüksəlməsi üçün təşkil olunub. Yığma komandanın DÇ-2006-nın seçmə oyunları çərçivəsində Uelslə qarşılaşması səbəbindən komandanın baş məşqçisi Elxan Abdullayev "Qarabağ"a bu gün qoşulacaq. Bu müddət ərzində isə komanda məşq prosesini Səttar Əliyevin rəhbərliyi altında keçirir. Milli komandanın heyətində yer alan Aslan Kərimov və Cahangir Həsənzadə də "Qarabağ"a bu gündən etibarən qoşulacaq. Ağdam təmsilçilərinin ukraynalı legionerləri Sergey Kravçenko və Denis Sokolovski son turdan sonra yaranmış fasilə səbəbindən icazə alaraq öz ölkələrinə getmişdilər. Legioner futbolçular artıq klubun düşərgəsinə qayıdıblar. Qeyd edək ki, "Qarabağ" növbəti görüşünü oktyabrın 15-də Azərbaycan Kubokunun oyunları çərçivəsində "Viləş"ə qarşı keçirəcək. Bu komandalar arasında Cəlilabadda keçirilən ilk qarşılaşma 5:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb. Ona görə də, "Qarabağ"ı artıq növbəti mərhələdə saymaq olar və klubun "Viləş"lə təkrar mücadiləsi formal xarakter daşıyır.

Paylaş