“Qarabağ” qrup mərhələsinə qələbə ilə başladı

single-news
21 Sen 2023

“Qarabağ” qrup mərhələsinə qələbə ilə başladı



“Qarabağ” – “Molde” – 1:0

Leandro Andrade, 56

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Komandamız UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb. Ardıcıl 10-cu dəfə qitə miqyaslı turnirlərin qrupunda qüvvəsini sınayan Qurban Qurbanovun yetirmələri I turda “Molde” ilə görüşüb.

“Qarabağ” Norveç çempionunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Qarşılaşma komandamızın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan futbolçularımız fasiləyədək rəqib qapısına ardıcıl hücumlar təşkil edib.  Matçın əvvəlində Yassin Benzia əlverişli ötürməyə yetişməyibsə, ardınca Leandro Andrade və Kevin Medina topa istədikləri kimi toxuna bilməyib. Hissənin ortalarında Abdulah Zubirin ardıcıl iki zərbəsi yaddaqalan olub. Nadir hallarda əks-hücum şansı əldə edən qonaqların həmlələri isə müdafiə xəttimizin etibarlı oyunu ilə zərərsizləşdirilib. Ardıcıl hücumlarımızın kəsəri hissənin sonlarında da azalmayıb. Maro Yankoviç və Mateus Silvanın çərçivəyə güclü zərbələrini rəqib qapıçı dəf edib.

Norveçlilər ikinci hissəyə fəal başlamağa cəhd etsə də, “Qarabağ” üstünlüyü rəqibə verməyib. Rəqibin bir neçə hücumunun qarşısını alan komandamız rəqib qapısına təzyiqi davam etdirib. Fasilədən az sonra Yassin Benzia və Olaviyo Juninyonun zərbələrini qapıçı dəf edib. Qolkiperlə üz-üzə qalan Abdullah Zubirin zərbəsi də hesabı açmaq üçün yetərli olmayıb. Lakin hücumlarına ara verməyən “Qarabağ” rəqibin müqavimətini qıra bilib. Leandro Andradenin cərimə meydanı daxilindən uzaq küncə göndərdiyi top qarşısıalınmaz olub – 1:0. Hesab açıldıqdan sonra da topa daha çox “Qarabağ” nəzarət edib.

Komandamız bir neçə dəfə fərqi artırmağa da yaxın olub. Futbolçularımızın çərçivə istiqamətindəki zərbələrini rəqib qapıçı dəf edib. Elvin Cəfərquliyevin ötürməsindən sonra qolkiperlə üz-üzə qalan Olaviyo Juninyonun toxunuşu da istənilən kimi alınmayıb. Oyunda dönüş yaratmaq istəyən norveçlilərin hücumlarının qarşısını isə müdafiə xəttimiz alıb. Bir neçə dəfə oyuna daxil olan Andrey Lunyov da inamlı təsir bağışlayıb. Üstünlüyünü matçın sonunadək qoruyan “Qarabağ” uzatma dəqiqələrində ikinci qola yaxın olub. Olaviyo Juninyonun zərbəsindən sonra top qapı tirinin üstündən keçib. Beləliklə, komandamız UEFA Avropa Liqasının qrup mərhələsinə 1:0 hesablı qələbə ilə başlayıb.

Qeyd edək ki, H qrupunun digər oyununda “Bayer” “Hakken”i 4:0 hesabı ilə məğlub edib.

Paylaş

// pop up