“Qarabağ” yenə tarix yazdı

single-news
28 Yan 2026

“Qarabağ” yenə tarix yazdı



Azərbaycan futbol tarixində çoxsaylı ilklərə imza atan komandamız daha bir nailiyyəti gerçəkləşdirib. “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsini adlayaraq pley-offa yüksəlib.

Bu, Azərbaycan futbolunda ilk belə uğurdur. Komandamızın bu ilki Liqa mərhələsinin sonuncu turunda rəsmiləşib.

İngiltərədə adlı-sanlı “Liverpul”la VIII turun qarşılaşmasından (0:6) sonra “Qarabağ”ın mərhələdəki mövqeyi dəqiqləşib. Komandamız 8 turluq mübarizəni “24-lük”də - 22-ci yerdə başa vurub. Bu, da komandamıza qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək imkanı verib.

Beləliklə, “Qarabağ” Azərbaycan futbolu tarixində Avropanın həm hər üç klub turnirində əsas mərhələyə yüksələn, həm də hər üçündə növbəti raunda adlayan ilk və yeganə klub olub. UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında belə tarixi uğurlar gerçəkləşdirən komandamız hələ 1999-cu ildə Avropada mərhələ adlayan ilk Azərbaycan klubu adını qazanmışdı.

2017/18 mövsümündə UEFA Çempionlar Liqasında əsas mərhələyə - qrupa yüksələn və bununla da ilkə imza atan “Qarabağ” öz uğurunu 8 ildən sonra təkrarlayıb. İkinci cəhdində Liqa mərhələsində oynayan komandamız bir addım da irəliləyərək pley-offa yüksəlib.

Qeyd edək ki, “Qarabağ” 2021/22 mövsümündə UEFA Konfrans Liqasında qrupu adlayaraq pley-offa yüksəlib. Bir il sonra komandamız UEFA Avropa Liqasının qrup üçüncüsü kimi yenidən UEFA Konfrans Liqasının pley-off həyəcanı yaşayıb. 2023/24 mövsümündə isə UEFA Avropa Liqasında qrupdan çıxan “Qarabağ” pley-offu da keçərək 1/8 finalın iştirakçısı olub.

Paylaş

// pop up