"QARABAĞ"A SADİQ YAŞAR HÜSEYNOV (FUTBOL+QOL, 28.06.2005)

single-news
28 İyn 2005

"QARABAĞ"A SADİQ YAŞAR HÜSEYNOV (FUTBOL+QOL, 28.06.2005)



"Qarabağ" uzun müddətdir ki, baş məşqçisiz qalıb. Lakinkomandanın digər məşqçiləri kollektivdən ayrılmayıblar. Klubun çalışdırıcılarından biri olan Yaşar Hüseynov bu günlərdə "Qarabağ"ın rəsmi saytına müsahibə verib. “Qarabağ”a ilk gəlişinizi necə xatırlayırsınız? 1973-cü ildə, 10 yaşım olarkən, Ağdamda uşaq seçmələri keçirilirdi. Adil müəllim bu seçmələrdə məni də seçdi. Bununla da, Uşaq gənclər futbol bölməsində ilk addımlarımı atmağa başladım. -Professional Futbolda ilk oyununuz kimə qarşı oynamısınız? - 1980-cı illər idi. “Neftçi” Şuşada təlim məşq toplanışında idi. O zaman mənim 17 yaşım var idi. O vaxt bizim komanda “Şəfəq” adlanırdı. Baş məşqçimiz Allahverdi (Milli Qəhrəman Allahverdi Bağırov nəz.tutulur) müəllim idi.Mənim ilk debüt matçım bu oyun oldu. Yeri gəlmişkən “Neftçi” həmin oyunu 1:0 qalib gəldi. “Qarabağ”da hansı oyun sizin üçün ən yaddaqalan olub? - Yaddaqalan oyunlar çox olub. Məsələn İsraildə “Makkabi”ni məğlub edərək, mərhələ adlamağımız heç yadımdan çıxmaz. Digər bir hadisə, - 1993-cü ildə, mayın 16-da Ağdamda son matçımız - “Turan”la kubok matçıdır. Yeri gəlmişkən bu matçda yeganə qolu da mən vurdum. Sonra finalda “İnşaatçı” Sabirabadı da udaraq, kuboku qazandıq. - Bu sizin müstəqillik dönəmində ilk nailiyyətiniz idi? -Müstəqil olduqdan sonra, bu mənim ilk nailliyyətim idi. Amma 1988-ci ildə də biz Azərbaycan Çempionu olub, SSRİ çempionatının II dəstəsinə vəsiqə qazandıq. 1990-cı ildə yenidən Azərbaycan Çempionu oldum. Müstəqil olduqdan sonra isə, “Qarabağ”ın heyətində, kubokdan başqa həm də çempionluq sevinci yaşamışam. Ən çox xatırladığınız qolu necə vurmusunuz? - Yaddaqalan qollar çox olub. 1987-ci ildə, Ağdamda Bərdənin “Pambıqçı” komandasını qəbul edirdik. İlk hissədə məğlub durumda idik. İkinci hissədə Müşfiq hesabı bərabərləşdirdi. Azarkeş dəstəyi də müdhiş idi. Son dəqiqələrdə, künc bayrağının yanından qapının uzaq küncünə vurduğum qol bizə qələbə qazandırdı. Bu heç vaxt yadımdan çıxmaz. Bir də... ....1997-ci ildə, “Bakı Fəhləsi” ilə matçda Müşfiqin ötürməsindən sonra 30 metrədən topu saxlamadan zərbəm dəqiq alındı.Matç 4:2 bizim qələbəmizlə başa çatdı. Bu qol azarkeşlərı o qədər həyəcanlandırmışdı ki, oyunu izləyən iş adamlarından biri maçdan sonra geyinib-soyunma otağına gələrək klubun hamısını Suriyaya bir həftəlik istirahətə dəvət etdi... Siz yalnız “Qarabağ”da oynamısınız. Başqa Klublardan təkliflər yox idi, yoxsa ? - Mənə çox təkliflər var idi. Amma “Qarabağ” mənə o qədər doğma idi ki, mən bu komandanı başqa kluba dəyişə bilməzdim. O qədər doğma idi ki, hətta burada məşqçi də işləməyə razılıq verdiniz? - 2002-ci il idi. Mən ayağımdan zədələnmişdim. İlk dəfə Şahin müəllim(Şahin Diniyev nəz. tut.) məni klubda ona kömək etməsini istədi. Uzun illər “Qarabağ”ın şərəfini qoruduğum üçün məşqçi olmaq təklifini qəbul etməyə bilməzdim. Mən də etiraz etmədim. “Kəpəz”lə matç mənim vida matçım oldu. O vaxt Vitse-Prezidentimiz Yunus bəydə həmin matça gələrək məni təbrik etdi... Ötənlərı xatırlayanda futbolçu olduğunuz üçün peşman olmursunuz ki? - Yaxşı günlərimiz də olub, futbolu atmaq istədiyim günlər də olub. Amma indi keçən günləri xatırlayanda peşmançılıqdan çox, şərəf hissi duyuram. Əgər “Qarabağ”ın tarixdəki səhifələrini varaqlayarkən mənim də xidmətlərim üzə çıxırsa, bu mənə kifayət edir... “Qarabağ” FK-na nə arzulayırsınız? - İlk arzum “İmarət”ə- Ağdama qayıdaraq, orada futbol oynamaqdır. Bir də, istərdim ki, “Qarabağ”ın qələbə sədası çox yaxın zamanlarda Avropa meydanlarından gəlsin. Mən buna inanıram. Çünki, bizim “Azərsun” kimi sponsorumuz var və mən bu şirkətə təşəkkür edirəm ki, komandanın ən pis günündə yıxılmasına imkan verməyərək, “Qarabağ” adını həmişə yüksəklərdə tutub, bu gündə onun yaşamasının təminatçısıdır . . .

Paylaş