"Qarabağ"da yeni adlar (idman.azer.net, 26.07.2005)

single-news
26 İyl 2005

"Qarabağ"da yeni adlar (idman.azer.net, 26.07.2005)



Ağdamın "Qarabağ" komandası növbəti mövsümün hazırlıqlarını Qaxda davam etdirir. Klub gündə iki dəfə məşq edir və yaxın günlərdə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Artıq klub baxışda olan bəzi yerli futbolçularla rəsmi müqaviləyə imza atıb. Eltay Aslanov, Rəşad Muradov, Dmitri Yeremeyev, Namiq Yusifov, Fəqan Şahbazov, Müşfiq Hüseynov və Tərlan Mahmudov növbəti çempionatda "Qarabağ"ın şərəfini qoruyacaq. Klubla müqaviləsi başa çatan qapıçı Vitali Kovolyovla da müqavilənin müddəti artırılıb. Ötən mövsüm "Qarabağ"ın şərəfini qoruyan qapıçı bir neçə başqa komandadan təklif almasına baxmayaraq klubunu dəyişməyib. Futbolçu verdiyi açıqlamada "Qarabağ"da şəraitin ürəyincə olduğunu söyləyərək şərəfini qoruduğu komandanı tərk etmək niyyəti olmadığını vurğulayıb. Eyni zamanda hərbi xidmətlə əlaqədar MOİK-də çıxış edən Hüseyn İsgəndərov və Elçin Cəfərov da yenidən "Qarabağ"a qayıdıb. Bu arada klub heyətini gücləndirmək üçün bir neçə legioner futbolçunu da heyətə cəlb edib. Xorvatiyalı müdafiəçilər Blajenko Bekovaç və Kolak Drajendir hazırda komandanın heyətində baxışdadır. Sözügedən futbolçular "Qarabağ"ın müdafiə xəttində yaranan boşluğu aradan qaldırmaq üçün heyətə cəlb olunub. Əcnəbilərin heyətdə qalıb-qalmaması isə təlim-məşq toplantısından sonra məlum olacaq. Bundan başqa daha bir neçə legioner futbolçunun da "Qarabağ"a baxışa cəlb ediləcəyi ehtimal olunur. Həmin futbolçuların yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Klub Qaxda 10 günlük təlim-məşq prosesini başa vurduqdan sonra avqustun 5-də Bakıya dönəcək.

Paylaş