“Qarabağ”dan növbəti ev qələbəsi

single-news
11 May 2025

“Qarabağ”dan növbəti ev qələbəsi



“Qarabağ” - “Araz-Naxçıvan” - 2:0

Musa Qurbanlı, 35; Aleksey Kaşuk, 59

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXIV tur matçında “Araz-Naxçıvan”ı qəbul edib.

 

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk.

 

“Azersun Arena”da təşkil olunan oyuna komandamız daha sürətli başlayıb. Artıq 2-ci dəqiqədə futbolçularımız hesabı açmağa yaxın olublar. Çempionatın bombardiri Leandro Andrade ələ düşən fürsəti dəyərləndirə bilməyib. Bundan sonra da üstünlüyünü davam etdirən Qurban Qurbanovun kollektivi, nəhayət, 35-ci dəqiqədə istəyinə çatıb. Aleksey Kaşukun ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Musa Qurbanlı onu da aldadaraq, topu qapıdan keçirib. Komandamız bundan sonra fərqi artırmaq üçün bir neçə şans əldə etsə də, nə Redon Cica, nə də Musa Qurbanlı bundan yararlana bilib.

 

Fasilədən sonra da üstün olan tərəf komandamız olub. Bunun bəhrəsi kimi 59-cu dəqiqədə rəqib ikinci dəfə mərkəzə dəvət edilib. Bu dəfə Qurbanlının ötürməsini Kaşuk qolla tamamlayıb. Qalan dəqiqələr əsasən qarşılıqlı hücumlar şəraitində keçib. Lakin hesabı dəyişmək mümkün olmayıb.

 

Beləliklə, 2:0 hesablı qələbə qazanan komandamız xallarının sayını 83-ə çatdırıb. “Qarabağ” növbəti oyununu evdə “Kəpəz”ə qarşı keçirəcək.

Paylaş

// pop up