“Qarabağ”ın futbolunu da siyasiləşdirirlər (ÇEMPİON, 09.09.2005)

single-news
9 Sen 2005

“Qarabağ”ın futbolunu da siyasiləşdirirlər (ÇEMPİON, 09.09.2005)



Amma bəzi kollektivlərdə startda 5-10 gün qalmış heç nə bilinmirdi. Di gəl ki, ilk 3 turda əldə olunan nəticələr proqnozsevərlərin variantlarını alt-üst etdi. “Qarabağ”ın da oyununu və ağdamlıların qarşılaşmalarda əldə etdikləri nəticələri dəyərləndirsək, görərik ki, bizdə heç də hər şey hazırlıq prosesindən asılı deyil. “Anderlext” kimi güclü rəqibi Bakıda məğlubiyyətə uğradan “Neftçi”nin 2-ci turda “Qarabağ” qarşısında xal itirməsi göstərdi ki, Elxan Abdullayevin komandası yenə də “döyülən uşaq” olmayacaq. Halbuki birinciliyin başlanmasından bir müddət öncə Abdullayevin bir araya gətirdiyi futbolçulardan heç nə gözlənilmirdi. Lakin onların çıxışı bəzilərimizi çaşdırmaqla yanaşı, bir çox futbol funksionerlərini də təəccübləndirdi. Bəlkə də “Qarabağ”a hücumun geniş vüsət alması da bu cür uğurlu oyunlarla bağlıdır. Mən tanınan futbol mütəxəssisi Elbrus Abbasovun kluba yeni məşqçi təyin olunacağı haqda xəbərləri və sabiq icraçı direktor Adil Nadirovun tənqidi açıqlamalarını nəzərdə tuturam. Adil bəy həmişəki kimi yenə də fəaldır və məşqçi postunda dəyişikliyin tərəfdarı kimi diqqəti cəlb edir. Vəziyyəti hərtərəfli təhlil etsək, “Qarabağ”a, xüsusən də onun baş məşqçisi Elxan Abdullayevə qarşı yönələn bu addımların bəzi səbəblərini irəli sürmək olar. Birincisi, komandanın ilk turlarda düçar ola biləcəyi ehtimal olunan uğursuzluq zolağına düşməməsidir. Həqiqətən də Abdullayev və onun yetirmələri mübarizlikləri, əzmkarlıqları ilə bu təhlükəni üzərlərindən atdılar. “Turan”la oyunda mübahisəli hakim qərarları, “Neftçi” ilə görüşdə qələbənin əldən verilməsi heç də oyunçuların səviyyəsi ilə bağlı məsələnin gündəmə gəlməsinə imkan vermədi. Yəni itirilən xallara görə komanda o qədər də tənqidlə üzləşmədi. Ehtimal etmək olardı ki, “Qarabağ”ın tənqidçiləri məhz planlarını həmin uğursuzluğa hesablayıb və azarkeşlərin də narazılığından istifadə edərək onlar əks-həmləyə keçəcəkdilər. Amma dediyim kimi, buna şərait yaranmadı. İkincisi, məhz elə “Qarabağ”ın bir qədər uğurlu oyun sərgiləməsi ola bilər. Görünür, qaçqın klubun indiki rəhbərliklə barışmaz tərəfdarları da futbolçuların zəif çıxışına bel bağlamırlar və nə qədər tezdir, yəni çempionat yenicə başlanıb, fəaliyyətə keçməyin vaxtıdır. Məsələn, demək olar ki, komanda indidən daha adlı-sanlı məşqçiyə tapşırılmalıdır ki, qarşıdakı çətin matçlarda qiymətli itirilməsin. Adil bəyin qəzetlərə verdiyi müsahibədə Elbrus Abbasovla bağlı söylədiyi fikirlərdən də məhz bu hiss olunur. Amma bütün hallarda məsələnin siyasiləşdirildiyi və “Qarabağ” adından istifadə olunduğu göz qabağındadır. Yaralı yerimiz olan bu bölgənin təmsilçisinin problemlərini qabartmaq variantları bir qədər effektli təsir verə bilər. Amma futbolun siyasiləşdirilməsinin çox pis nəticələrə gətirib çıxaracağı məlumdur. Pis-yaxşı, “Azərsun-Holdinq” artıq 4 ilə yaxındır komandanı dolandırır. Hətta maddi cəhətdən oyunçuların korluq çəkməsinə də imkan verilmir. Bir vaxt “peraşki” yeyə-yeyə matçlara çıxan ağdamlılar indi güzərandan narazı qala bilməzlər. Heyətin inventarla təminatı da bir sıra kollektivlərdən üstündür. Uşaq futboluna da az-çox qayğı göstərilir. Klubun reklamı da ki, öz yerində. “Qarabağ”ın internet saytı həm dizaynına, həm də iş prinsipinə görə ölkədə ən qabaqcıllardandır. Burada hətta ümumilikdə futbolumuzun təbliğinə də geniş yer verilib. Daha nə istəyirik? Əgər məqsəd kimisə baş məşqçi postuna təyin etməkdirsə, onda bu metodlar keçməz. Fikrimcə, daha sivil mübarizə yolları seçmək lazımdır. Ölkədə futbola sərmayə qoymağa həvəsi olan böyük bir şirkəti də bu yolla bezdirmək və onun əlini işdən soyutmaq heç kimə başucalığı gətirmir. Xüsusən, daha fəxrlə adını çəkdiyimiz “Qarabağ” klubuna.

Paylaş