"QARABAĞ"IN QARA KAĞIZINI YAZMAYIN! (FUTBOL+QOL, 01.09.2005)

single-news
1 Sen 2005

"QARABAĞ"IN QARA KAĞIZINI YAZMAYIN! (FUTBOL+QOL, 01.09.2005)



Bu bizim cənnət məkan olan Qarabağımızın həqiqətən qara bəxti var. Hal-hazırda dığaların məskən saldığı torpaqlar ən yaxın zamanda yenidən bizim olacaq və biz gec-tez Qarabağımıza qovuşacağıq. Mən buna bir azərbaycanlı kimi inanıram və hətta əminəm! Məqsədim heç də bu siyasi proseslərə fikir bildirmək deyil. Necə ki hər kəs öz sahəsində çalışsa məsləhətdir. MƏtləbdən uzaqlaşmayaq, keçək əsas məsələyə. Ötən mövsüm iddialı klub yaradan Ağdam təmsilçisi medallar uğrunda mübarizə aparırdı. Nəticədə isə klub mövsümü 6-cı pillədə başa vuraraq, adını Avropada səsləndirə bilmədi. Buna bir azərbaycanlı kimi çox üzülmüşdüm.Ona görə yox ki, Ağdam klubuna simpatiyam var, sadəcə "Qarabağ" adını avropalılara tanıtdıra bilmədiyimiz üçün məyus olmuşdum. Reklam üçün, daha aydın desək avropalılara Qarabağımızı tanıtdırmaq üçün bundan əla fürsət ola bilməzdi. Nə isə. Olmadı və ya olmasını istəməyən qüvvələr var idi. Necə ki bu il həqiqətən "Qarabağ" klubunun məhvi üçün gecəsinigündüzünə qatan şər qüvvələr mövcuddur. Səbr edin. Hər şey mövsümün sonunda daha dəqiq məlum olacaq. O şər qüvvələrin kimlər olduğunu yazıdan anlayacaqsınız. Amma öncə 14-cü milli çempionat ərəfəsində sözügüdən klubun düşdüyü duruma nəzər salaq. Dağılma təhlükəsi ilə qarşı-qarşıya qalan "Qarabağ" mövsümün startına az bir zaman qalmış boş qalmış baş məşqçi postuna gənc və perspektivli məşqçilərdən Elxan Abdullayevi gətirdiş. İnsafən qeyd edək ki, təcrübəsiz gənc çalışdırıcı qısa vaxt kəsiyində heyəti komplektləşdirib mübariz komanda yaratmağa müvəffəq oldu. RÖVŞƏN ƏHMƏDOVUN "QARABAĞ2 SEVGİSİ İlk ciddi sınağını güclü day-dayısı "Turan"a qarşı keçirən Elxan Abdullayev və drujinası matçın baş hakimi, mingəçevirli Rövşən Əhmədovun qeyri-obyektivliyinin qurbanı oldu. Açıq-aşkar yerli komandaya rəğbət bəsləyən referi verdiyi qərarlarla "Qarabağ"ın məğölub olmasında əsas rol oynadı. Cənab Əhmədovun "Qarabağ" sevgisinə şübhə etmirəm. Heç buna haqqım çatmır. Amma el arasında belə misal var: "kor-kor, gör-gör". Əhmədov- "Qarabağ" 1:0. Oynadığı gözəl oyunla rəğbət qazanan ağdamlılar ikinci turda flaqmana qarşı layiqli mübarizə apararaq, nəticədə bərabərliklə kifayətləndi. Bu matça baxmadığımdan hakimlər haqqında fikir yürütməyim düzzgün olmazdı. Və nəhayət taleyin gərdişində Əhmədov və "Qarabağ" bu dəfə də üz-üzə gəldi. "Olimpik" - "Qarabağ" matçına təyinat alan milli dərəcəli referimiz verdiyi qərarlarla tribunaya toplaşanlara xeyli gülməli anlar yaşatdı. 45-ci dəqiqədə qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edən referi bu ana qədər meydan sahiblərinin qapısına iki penaltı təyin etməyərək, yerli komandaya simpatiya bəslədiyini bir daha biruzə verdi. Düzdür, cənab Əhmədov "Olimpik"in də qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi, amma bu ana qədər meydan sahiblərinin bir neçə oyunçusunu cəzalandırmağa fit sahibinin cəsarəti çatmadı. Hətta elə vəziyyətlər var idi ki, tərəddüd etmədən sarı vərəqə göstərmək mümkün idi.Yəqin ki, ilk sarı göstərməmək tapşırığı verilmişdi. Referinin 2Qarabağ" matçlarına sifarişli çıxdığını deyə bilmərəm. Bunun üçün əlimdə fakt yoxdur. Qarşıdakı turlarda hər şey daha dəqiq məlum olacaq. Bütün olanlara baxmayaraq, sona qədər mübarizə aparan Elxan Abdullayevin drujinası həm "Olimpik", həm də cənab Əhmədov üzərində parlaq qələbə qazandı. Neçə-neçə belə zəfərlərə "Qarabağ" ! ! ! İnanıram ki, inamlı mübarizə apararaq, bu il ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksən ! ! ! P.S. Matçdan sonra keçirilən mətbuat konfransında qalib tərəf olmasına baxmayaraq, Rövşən Əhmədova qarşı iradlar bildirən baş məşqçi Elxan Abdullayev fit sahibinin təqaüdə çıxmaq vaxtının yetişdiyini bildirdi. Gənc hakimlərə şans verməli olduğunu vurğulayan çalışdırıcı "Turan" və "Olimpik" matçlarını idarə edən Əhmədovun hakimliyindən narazı qaldığını qeyd etdi. Media nümayəndələrindən bu məsələnin gündəmə gətirilməsini xahiş edən Elxan bəy cibindən dərman çıxararaq, xəstəlik tapdığını və bunun səbəbkarı kimi Rövşən Əhmədovu göstərdi.

Paylaş