Qonaqlar cavab oyunu öncəsi üstünlük qazandı (EXPRESS, 08.11.2005)

single-news
8 Noy 2005

Qonaqlar cavab oyunu öncəsi üstünlük qazandı (EXPRESS, 08.11.2005)



Ötən həftəsonu ölkə kuboku uğrunda 1/8 final mərhələsinin ilk oyunları keçirildi. Cümə günü baş tutan ilk qarşılaşma sensasion nəticəylə tamamlandı. "Neftçi" 63-cü dəqiqədə İqor Getmanın vurduğu qolla üstünlük qazansa da, matçdan qələbəylə ayrıla bilmədi. 89-cu dəqiqədə Ruslan Qafitullinin öz qapısına vurduğu qoldan sonra Emin Əmiraslanov oyuna əlavə olunmuş 3-cü dəqiqədə daha bir dəfə fərqlənib "Gənclərbirliyi"nə qələbə qazandırdı. Elə şənbə günü keçirilən oyunlarda da qonaqlar açıq-aşkar üstün oldu. Heç-heçələrin meydan sahiblərinə sərf etmədiyini nəzərə alsaq, belə düşünmək olar. Yalnız "MKT-Araz" "ev" sahiblərinin imicini qorudu. İmişlililər "Bakılı"nın qapısını topa tutdu - 5:1. Zeynal Zeynalov (20), Murad Ağakişiyev (22), Saşa Yunisoğlu (28), Fabio Luis Ramim (44) və Zoran Boldovaliyev (56) fərqləndikdən sonra Eyvaz Vəliyev son saniyələrdlə paytaxt təmsilçisinin təsəlli qolunu vurdu. "Göy-Göl" - "Turan", "Xəzər-Lənkəran-2" - "Qarabağ" və "Olimpik" - "Bakı" oyunlarında hesab açılmadı ki, buna görə də yalnız qonaqlar sevinməlidi. Yəqin ki, cavab qarşılaşmalarında meydan sahibi olacaq komandalar 1/4 finala vəsiqəni təmin edəcək. Daha bir heç-heçə Qazaxda qeydə alındı. Turnir cədvəlinin son pilləsində qərarlaşan "Göyəzən" lider "İnter"ə layiqli müqavimət göstərdi - 1:1. Laki İdahorun 11-ci dəqiqədə hesabı açmasından sonra tərəflər qarşılıqlı təhlükəli vəziyyətlərlə seçildi. Amma Qani Anifomoşe yalnız 86-cı dəqiqədə hesabı bərabərləşdirə bildi. Bununla belə, əsas oyunçularının çoxunu qarşıdakı turda "Neftçi"ylə oyuna qoruyan "bank təmsilçisi" lazım olan nəticəni qazandı. Çempionatda öz meydanında "Şahdağ"a yenilən "Xəzər-Lənkəran" bunun əvəzini Qubada çıxdı. Samir Əliyevin 46 və 58-ci dəqiqədə vurduğu qollar cənublulara inamlı qələbə qazandırdı. "Karvan" da bir həftə öncə çempionatda "Gəncə"dən aldığı məğlubiyyətin əvəzini çıxdı. Qonaqlardan Fərrux İsmayılov 30 və 70-ci dəqiqələrdə fərqləndi. Bu iki qolun arasında İrakli Beraya da 35-ci dəqiqədə gəncəliləri sevindirməyi bacardı. Amma hücumlarına ara verməyən yevlaxlılar son saniyələrdə daha bir qol vurdu. Cəmşid Məhərrəmov oyunda son nöqtəni qoyaraq həm də "Karvan"ın cavab oyunu öncəsi üstünlüyünü möhkəmlətdi - 3:1. Bir sözlə, AFFA-nın güzəştiylə 1/16 final mərhələsindən azad olan üç paytaxt komandasından heç biri ilk matçında qələbə qazana bilmədi. "Neftçi" "ev"də uduzdusa, səfərdə oynayan "İnter"lə "Bakı" heç-heçəylə geri döndü.

Paylaş