Qurban Qurbanov: “Bu, bizim üçün daha böyük motivasiyadır”

single-news
30 Okt 2023

Qurban Qurbanov: “Bu, bizim üçün daha böyük motivasiyadır”



Misli Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Rəqibi təbrik edirəm. Çox istəkli idilər və layiqli qələbə qazandılar. Futbolçularımın ilk dəqiqələrdən oyuna yanaşmasından narazı qaldım. Amma belə oyunlar, nəticələr gözləniləndir. Qarşıdakı matçlara hazırlaşacağıq. Psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşsaq, faydalı olar. Qarşıdakı görüşlərdə bunları aradan qaldıracağıq. Komanda bir az oyun ritmindən düşüb. Bunu bərpa edəcəyik”.

 

Baş məşqçi buraxılan qollar barədə də danışıb: “İlk qol texniki səhvdən oldu. İkinci isə riskə getmişdik, irəli atılmışdıq. Həmin epizodda Marko Yankoviçə qarşı qayda pozuntusu var idi. Mən idarəçiliyə irad bildirmirəm, amma hakimlər diqqətli olmalıdırlar. “Araz-Naxçıvan” bu gün 3 xala layiq idi. “Qarabağ”ın Xankəndidə oynaması dövlət, federasiya səviyyəsində olan məsələdir. Hansı qərar qəbul edilsə, biz “Qarabağ” olaraq buna hazırıq. Məğlub oluruqsa, bunun səbəbini özümüzdə axtarmalıyıq. Yəqin ki, hansısa oyunlarda nəticə üçün oynamağı bacarmırıq, rotasiyalar özünü doğrultmur. Böyük klublar o qədər uduzublar, titulsuz qalıblar, çempionluğu əldən veriblər. Bu, qarşıdakı oyunlarda bizim üçün daha böyük motivasiyadır, məsuliyyətdir ki, futbolçular daha ciddi olmağın vacibliyini hiss etsinlər”.

Paylaş