Qurban Qurbanov: “Bütün gücümüzü meydanda qoyacağıq”

single-news
20 Sen 2023

Qurban Qurbanov: “Bütün gücümüzü meydanda qoyacağıq”



UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və kapitanı Maksim Medvedevin iştirakı ilə mətbuat konfransı təşkil olunub. 51 yaşlı mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Cəbhə bölgəsində terrora qarşı mübarizə gedir. Şəhidlərimiz var. Allah rəhmət eləsin. Allah Ordumuzu qorusun. Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Hər bir halda matça hazırlaşmalıyıq. Sabah ciddi bir rəqibə qarşı oynayacağıq. Fikrimiz həm matçda, həm də cəbhə bölgəsində olacaq. Sabahkı matçda da futbolçulara hansısa psixoloji təsir ola bilər. Çalışacağıq ki, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün futbolçular meydanda hər şeyi edəcək”.

Qurban Qurbanov rəqib barədə fikirlərini də bildirib: “Rəqibi analiz etmişik. Son vaxtlar qarşılaşdığımız ən intizamlı komandalardan biridir. Öz sistemlərini çox istəklə və düzgün yerinə yetirirlər. Bu rəqib meydanda boşluq verməyi xoşlamır. Biz maksimum çalışmalıyıq ki, rəqib səhv etməyə məcbur olsun. Yaxşı nəticə əldə edə bilərik. Bəhlul Mustafazadənin durumu ilə bağlı sabah oyuna qədər məlumat verilməyəcək. İndiki durumu bizi qane etmir. “Molde”də dəyişikliklər var. İndi daha təcrübəlidirlər, sistem fərqlidir. Futbolçuları daha inamlıdırlar”.

Mütəxəssis bildirib ki, komandamız yaxşı nəticə ilə azarkeşləri sevindirməyə çalışacaq: “Molde” ilə görüşə qisas fikri ilə yanaşsaq, oyunumuza təsir edə, bizə mane ola bilər. Bu gün kimliyindən asılı olmayaraq istənilən rəqiblə matçda şansdan istifadə etmək istəyirik. Məqsədimiz əvvəl qrupa düşmək idi, bunu bacardıq. Qarşıdakı matçlarda inamlı oyun göstərmək istəyirik. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, onlara güvənmişik. Onlar həmişə uğur istəyirlər. Bu, bizə motivasiya verir. Nə qədər istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. Qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik”.

Medvedev də sabahkı görüş barədə fikirlərini açıqlayıb: “Əsas işimizi görə bildik. Qrup mərhələsində oynayacağıq. Avropa Liqasının qrup səddini “İnter”lə Bakıda qarşılaşanda keçməyə yaxın idik. Amma alınmadı. Bu il də yaxşı imkanımız var. Bundan istifadə edə bilərik. Futbolçular hər şey edəcək ki, daha da irəli gedək. Belə atmosfer yaranıb ki, hər kəs oynamaq istəyir. Heyətimiz daha da böyüyüb. Məşqdən də görünür ki, hamı qalib gəlmək istəyir. İnanıram ki, belə güclə, belə istəklə daha da böyük uğur əldə edə biləcəyik”. 

Paylaş

// pop up