Qurban Qurbanov: "Cavab matçına daha yaxşı hazırlaşacağıq" 

single-news
5 Fev 2026

Qurban Qurbanov: "Cavab matçına daha yaxşı hazırlaşacağıq" 



Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Şamaxı” – “Qarabağ” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma və qarşıdakı görüşlər barədə fikirlərini bölüşüb:

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Belə hava şəraitində futbolçularımızı tək qoymadılar və sona qədər yanımızda oldular. Kubokda ilk oyun idi və bizim üçün ciddi nəticə oldu. Cavab görüşünə daha məsuliyyətli və ciddi hazırlaşmalıyıq. Ayxan Abbasovu və komandasını təbrik edirəm. Çox yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar.”

Baş məşqçi “Neftçi”nin mövqeyinə və yaranan müzakirələrə də münasibət bildirib:

"Sosial şəbəkələrdə yoxam. Amma hər hadisəyə normal yanaşıram. Bu, kimisə haqlı və ya haqsız çıxarılası mövzu deyil. Peşəkar Futbol Liqasına (PFL) "Neftçi" ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciət etmişik. Həmin vaxt rəqibimiz "Neftçi" deyil, başqa komanda da ola bilərdi. Hansısa fikir bildirmək istəmirəm. Biz niyə müraciət etdik? Çünki, PFL-in reqlamentində belə bir bənd var ki, pley-offda iştirak edən komandalara rəqibin razılığı ilə güzəşt oluna bilər. Amma təxirə salınmadı. Burada ciddi problem görmürəm. Onların da öz proqramları və hazırlıq prosesləri var. Bunu başa düşürəm. Daha əvvəl təxirə salınan və ya vaxtı dəyişdirilən matçlar olub. Bu dəfə olmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünürək oyunlara hazırlaşmalıyıq".

Qurban Qurbanov sıx oyun qrafikinin komandanın hazırlığına təsir etdiyini vurğulayıb:

“Bizim üçün yaxşı olardı ki, bu günkü oyuna daha optimal hazırlaşardıq. Bu gün bu stadionda oynadıq, dörd gün sonra yenidən buraya qayıdacağıq. Daha sonra isə Qubaya yollanacağıq. Oradakı şəraiti də yaxşı bilirsiniz. Bütün bunlar ‘Nyukasl Yunayted’lə oyun üçün istədiyimiz səviyyədə hazırlaşmağımıza imkan verməyə bilər".

Təcrübəli mütəxəssis "Nyukasl Yunayted" oyunu ilə bağlı mövqeyini də açıqlayıb:

“‘Nyukasl Yunayted’ çox güclü rəqibdir, özünəməxsus oyun üslubu olan komandadır və fiziki cəhətdən üstün futbolçuları var. Amma biz onların gücü ilə barışmayacağıq. Sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə rəqibi daha detallı analiz edib, komandamızı maksimum səviyyədə hazırlamağa çalışacağıq".

Paylaş

// pop up