Qurban Qurbanov: “Çox möhtəşəm atmosfer var idi”
Qurban Qurbanov: “Çox möhtəşəm atmosfer var idi”
Bizon Azərbaycan Kubokunda 1/2 final mərhələsi çərçivəsində baş tutan “Qarabağ” - “Sabah” oyunundan (2:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:
“Hər iki komandanın azarkeşlərinə təşəkkür etmək istəyirəm. Çox möhtəşəm atmosfer var idi. Futbolçulara çox böyük motivasiya verdilər. Düşünürəm ki, hər iki komandanın futbolçuları da azarkeşlərə layiq oyun oynadılar. Hər iki komandaya uğurlar arzulayıram. Maraqlı, sürətli, dinamik oyun alındı. Əsl kubok matçı idi. Cavab görüşü var ki, həmin qarşılaşmaya hazırlaşmalıyıq. Vaxtımız azdır. Iki gündən sonra bizim “Karvan-Yevlax”la matçımız var. Bu oyuna hazırlaşmalıyıq. Düzdür, futbolçular bir az yoruldular. Çalışıb qarşıdakı iki gündə bərpa olmalıdırlar ki, tam hazır olsunlar”.
Baş məşqçi həm çempionat, həm kubokdakı mübarizə və rəqib haqda da fikirlərini bildirib: “Biz həmişə iddialı olmuşuq. Hər iki turnirdə maksimum nəticə göstərmək istəmişik. Biz öz istəyimizdən, aktivliyimizdən əl çəkməyəcəyik. Qarşımızda çox yaxşı komanda var idi. Çox yaxşı formalaşmış, sonadək oyundan qopmayan, sona kimi dözən kollektivlə qarşılaşdıq. Biz yaxşı komandayıq, amma “Sabah” da çox yaxşı komandadır. Belə rəqibə qarşı oynamaq bizim üçün də xoşdur. “Sabah”la son iki qarşılaşma futbolçulara da əlavə motivasiya verir. Daha yaxşı nəticə əldə etmək üçün daha yaxşı olmalıyıq”.
