Qurban Qurbanov: “Futbolçular ən yaxşı oyunlarından birini göstərəcəklər”

single-news
25 Okt 2023

Qurban Qurbanov: “Futbolçular ən yaxşı oyunlarından birini göstərəcəklər”



UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun sabah keçiriləcək “Bayer” – “Qarabağ” oyunundan öncə baş məşqçimiz Qurban Qurbanov və futbolçumuz Kevin Medinanın iştirakı ilə mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis Leverkuzenin “BayArena” stadionundakı qarşılaşma barədə fikirlərini bildirib:

 

“Bayer” təkcə nəticələri ilə deyil, baxımlı oyunu ilə də Bundesliqada liderdir. Yaxşı, bacarıqlı futbolçulardan təşkil olunmuş komandadır. Çox istəkli, bacarıqlı, zəngin futbolçu karyerasına malik baş məşqçiləri var ki, öz oyunu, davranışı ilə hamımızın rəğbətini qazanıb. O, futbolçu kimi necə olubsa, məşqçi kimi də ciddi, tələbkardır və futbolçulardan da bunu istəyir. Biz də çalışacağıq ki, çox diqqətli olaq, bu komandaya qarşı çox yaxşı mübarizə aparaq. Oyunçularım buna hazırdırlar. Futbolçular ən yaxşı oyunlarından birini göstərəcəklər”.

 

Qurbanov komandamızın motivasiyasına da toxunub: “Komandanın hazırlıq planı hər oyunda fərqli olur. Çünki müxtəlif komandalara qarşı oynayırıq. Bu rəqib isə 2-3 fərqli sistemlə oynaya bilir, rotasiyalar edir. Çox ciddi olmalıyıq. Komandanı rəqiblə bacardığımız qədər tanış etdik. Belə rəqiblərlə görüşlərdə motivasiya vermək həm asan, həm də çətin olur. Daim istəmişəm ki, futbolçularım bu dinamikanı, sürəti hiss etsinlər. Komandanı bacardığımız qədər motivasiya etmişik. İnanıram ki, futbolçular səhv etsələr də, oyun nizam-intizamını sonadək qoruyub saxlaya biləcəklər”.

 

Kevin Medina da qarşılaşma barədə fikirlərini açıqlayıb: “Bayer”in cari mövsümdə göstərdiyi oyun göz qabağındadır. Turnir cədvəlindəki mövqeyi də bunun göstəricisidir. Biz də bu matça yaxşı hazırlaşmışıq. Azərbaycan xalqı bizdən layiqli oyun gözləyir. Rəqibin gücünü bilirik ki, çox yaxşı komandadır. Biz belə oyunları sevirik. Bacarığımızı belə qarşılaşmalarda göstərmək istəyirik. İnanıram ki, bəslənən ümidləri doğruldacağıq və bütün Azərbaycan xalqının gözlədiyi oyunu nümayiş etdirəcəyik. Ümid edirəm ki, səfərdən qənaətbəxş nəticə ilə dönəcəyik. Azərbaycan Premyer Liqası və Avropa Liqası fərqli yarışlardır. Bu turnirlərdə tələblər də eyni deyil. Fərqlər hiss olunur. Hər iki yarışda maksimum məsuliyyət tələb edilir. Biz də hər matçda bunu nümayiş etdirməyə çalışırıq. Bundesliqanın liderinə qarşı daha məsuliyyətli olmalıyıq”.

 

 

Paylaş