Qurban Qurbanov: “Futbolçular oyunu ələ ala bildilər”

single-news
17 Mar 2024

Qurban Qurbanov: “Futbolçular oyunu ələ ala bildilər”



Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (1:3) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç haqda fikirlərini açıqlayıb:

 

“Tovuzda olmaq mənim üçün həmişə xoşdur. Çox xoş qarşılandığımız üçün hər bir azarkeşə təşəkkür edirəm. “Turan Tovuz”a uğurlar arzulayıram. Bizim üçün vacib oyun idi. Həmişə istəmişəm ki, ağır səfərlərdən sonra futbolçularım belə matçlarda xarakter göstərsinlər. Komanda toparlandı. Matçın əvvəlində bir az gərginlik yaşandı. Futbolçular oyunu ələ ala bildilər və sonda yaxşı qalibiyyət qazandıq. Oyunçularıma təşəkkür edirəm. Çox sıx qrafikdə idik. Buna dözmək çox vacib idi. Çünki buna peşəkarlıq lazımdır. Futbolçularda bunu gördüm. Öz azarkeşlərimizə də təşəkkür edirəm”.

 

Baş məşqçi milli komandaların oyunları ilə əlaqədar fasilə üçün planları açıqlayıb: “Motivasiya ilə bağlı problemimiz olmayacaq. Daha yaxşı olmaq üçün hazırlaşmalıyıq. Fasilə dövründə milli oyunçuları istirahət edə bilməyəcək. Digərlərinə bərpa üçün vaxt verəcəyik. Daha çox çalışacağıq. Futbolçulara dörd gün istirahət verəcəyik. Yoxlama oyununun keçirilməsi gözlənilmir. Ola bilər ki, öz əvəzedici heyətimizlə qarşılaşaq”.

 

Mütəxəssis “Qarabağ”ın lider olduğu Premyer Liqada böyük fərqlə öndə qərarlaşmasına da münasibət bildirib: “Bunu normal qarşılayıram. Avropanın çox ölkələrində böyük xal fərqi olub. Bu mövsüm oyunumuz daha uğurlu alındı. Ona görə də belə xal fərqi yaranıb. Hər il belə olacağımız demək deyil. Daha yaxşı olduğumuz illərdə 3-4 tur qalmış çempionluq təmin edilib”.

Paylaş