Qurban Qurbanov: “Futbolçularda istək var idi”

single-news
6 Apr 2024

Qurban Qurbanov: “Futbolçularda istək var idi”



Misli Premyer Liqasının XXIX turunun “Qarabağ” – “Səbail” oyunundan (4:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Yaxşı və baxımlı futbol oynadılar. Xeyli qol epizodları və kombinasiyalı hücumlar oldu. Mövsümün sonuna yaxınlaşmağımıza baxmayaraq, futbolçularda istək var idi. Oyun nizam-intizamını qoruyub saxladılar, razı qaldım. Rəqibə uğurlar arzulayıram”.

 

Qurbanov hakimliyə də toxunub: “Bəzən emosiyaları saxlaya bilmirsən. Matç həddən artıq çox dayanırdı. Görüşün bu qədər saxlanılması yaxşı hal deyil. Futbolçu dinamikaya, mübarizəyə, yüksək tempə uyğunlaşmalıdır. Hər sadə epizoda sarı vərəqə vermək olmaz. Futbolçu sonra ikinci xəbərdarlığı ala bilər və ya növbəti turlarda cəzalı duruma düşər. Bununla komandanın taleyi həll oluna bilər. Vurulan qollarda oyundankənar vəziyyət və ya qayda pozuntusu olduğunu bilmirəm. Torala mübarizə epizodunda sarı vərəqə verildi. Oyunun sürətini artırmaq istəyəndə matç dayanır, bu hal dəfələrlə təkrarlanır. Etirazım da buna idi”.

 

Baş məşqçi mövsümün sonunda komandadan ayrıla biləcək futbolçular barədə sualı cavablandırıb: “Mövsümün sonuna qədər vaxtımız var. Qarşıdakı günlərdə bu işlərə başlayacağıq. Daha dərindən düşünürük. Hər futbolçu komandamızın bir parçasıdır. Qarşıdakı ayda qərarları verəcəyik. Növbəti matçlarda imkan daxilində hər futbolçuya oynamaq imkanı yaradacağıq”.

Paylaş