Qurban Qurbanov: “Hesab oyuna görə deyildi”
Qurban Qurbanov: “Hesab oyuna görə deyildi”
Avropa Liqasında Liqa mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Lion” (Fransa) matçından (1:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında görüş barədə fikirlərini bildirib:
“Havanın soyuq olmasına baxmayaraq, bizi sona kimi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Hesab üzücü görünür. İkinci hissənin ortalarında komandamızda bəzi boşluqlar yarandı. Düzünü desəm, futbolçularımızdan razı qaldım. Çünki öz oyunumuzdan əl çəkmədik. Böyük futbol belədir, sən qol epizodlarından istifadə edə bilmirsən, rəqib ustalıq səviyyəsinə görə bunlardan yararlanır. İstənilən halda düşünürəm ki, hesab oyuna görə deyildi. Artıq qarşıdakı matçlara hazırlaşmalıyıq”.
Baş məşqçi turnirdə növbəti mərhələ şanslarını da dəyərləndirib: “Növbəti mərhələyə vəsiqə şanslarımız hələ qalır. Ümumiyyətlə, ildən-ilə rəqiblər bizə daha ciddi yanaşırlar. Digər tərəfdən futbolun dinamikası, sürəti həddən artıq yüksəkdir. Turnirdəki son üç oyunun ikisini səfərdə keçirəcəyik. Buna baxmayaraq, sona kimi mübarizə aparacağıq”.