Qurban Qurbanov: “Komandanı buna hazırlamalıyıq”

single-news
29 Mar 2024

Qurban Qurbanov: “Komandanı buna hazırlamalıyıq”



Misli Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:6) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Adil Şükürova və komandasına uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Belə uğurlar, çempionluqlar oyunçulara daha da peşəkarlıq, məsuliyyət verir. Çox şadam ki, bu kollektivlə Azərbaycan çempionu olduq. Rəhbərliyimizi, futbolçularımızı bir daha təbrik edirəm. Bizim işimiz elədir ki, daim uğur dalınca getməliyik, komandanı buna hazırlamalıyıq. Biz mövsümboyu yaxşı olmaq üçün uğur əldə etməliyik”.

 

Qurbanov çempionluq təmin olunandan sonra keçiriləcək görüşlər və Yassin Benzianın zədəsi barədə danışıb: “Qarşıdakı oyunlara tam ciddi və məsuliyyətlə yanaşacağıq. Bəlkə bəzi futbolçulara imkan yaradacağıq ki, istirahət etsinlər. Fasilə dövründə oyunçularımıza 5 gün istirahət verdik. Bunun faydası oldu. Amma milli üzvləri yığmalara getmişdilər. Bəzilər hətta 2 matç keçirdi. Onlara bir az şərait yaradacağıq. Çünki mövsümün sonunda yenə milli komandanın oyunu var.  Yassin Benzianın zədəsi ciddi deyil. Sabahdan komanda ilə məşqlərə başlamalıdır”.

 

Baş məşqçi mövsümlərarası dövrdə heyəti qorumaq barədə fikirlərini bildirib: “Heyəti qorumaq, saxlamaq hər il çətin olur. Buna çalışacağıq. Gələn mövsüm üçün bu komandanın potensialı var. Onların ustalıq səviyyəsini yaxşılaşdırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub və oyunçularımızı saxlaya bilməmişik. Amma bizdən asılı olan hər şeyi edəcəyik ki, kollektivi saxlaya bilək”.

 

Paylaş