Qurban Qurbanov: “Nəticə oyuna görə idi”
Qurban Qurbanov: “Nəticə oyuna görə idi”
Misli Premyer Liqasının XXXI turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Uzaq səfər olmasına baxmayaraq, gəlib komandanın yanında oldular, dəstəklədilər. Futbolçular son güclərini tapıb bu gün oynadılar. İradlarım yoxdur. Qalib gələ də bilərik, bəlkə məğlub da ola bilərdik. Yaxşı, intizamlı, döyüşkən komanda ilə bərabərə qaldıq. “Qəbələ” həm oyununa, həm xarakterinə görə daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Tsxadadze yaxşı sistem qurub, yaxşı döyüşçülər yetişdirib. Çempionatın sonuna yaxınlaşmışıq, həm psixoloji, həm fiziki yorğunluq futbolçulara təsir edir. Qarşıda iki oyunumuz var, ciddi hazırlaşmalıyıq. Nəticə oyuna görə idi. Hər iki komandaya uğurlar arzulayıram”.
