Qurban Qurbanov: "Uğurlu nəticə əldə etmək istəyirik"
Qurban Qurbanov: "Uğurlu nəticə əldə etmək istəyirik"
Çempionlar Liqasının pley-off mərhələsinin “Ferensvaroş” (Macarıstan) - “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və kapitanı Abdullah Zubirin iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar sabah baş tutacaq qarşılaşma haqda fikirlərini bildiriblər.
Qurban Qurbanov görüşün vacibliyini qeyd edib: “Yenidən bu stadionda yaxşı azarkeşlər qarşısında güclü komandaya qarşı vacib oyuna çıxacağıq. Çox istəkli kollektivlə qarşılaşacağıq. Bunu həm baş məşqçinin, həm də futbolçuların açıqlamalarından hiss edirik. Onlar kimi, biz də Çempionlar Liqasının Liqa mərhələsində oynamaq istəyirik. Sabah düzgün oynamağa və istəkli olmağa çalışmalı, sona kimi mübarizə aparmalıyıq. Futbol sürətlə dəyişir. Hazırkı "Ferensvaroş" bizim əvvəl qarşılaşdığımızdan fərqli oyun göstərir. Baş məşqçiləri sürətli, mübariz oyun tələb edir, fiziki cəhətdən güclü və dinamikdirlər. Bizim də heyətimizə həmin vaxtdan bəri dəyişikliklər olub. Topa çox sahib olmağı sevirik. Ancaq "Ferensvaroş"un ilk düşüncəsi də rəqibə oynamağa imkan verməməkdir. İnanıram ki, azarkeşlər oyundan razı qalacaqlar. Uğurlu nəticə əldə etmək istəyirik”.
Abdullah Zubir də rəqib barədə fikirlərini bölüşüb: "Bu komandaya qarşı oynamışıq. Bilirik ki, "Ferensvaroş" çox əzmkar və iddialı komandadır. Həftə boyu onlara qarşı matça yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq".
