Rəqiblərinin büdrəməsi "Turan"ın işinə yaradı (EXPRESS, 30.08.2005)

single-news
30 Avq 2005

Rəqiblərinin büdrəməsi "Turan"ın işinə yaradı (EXPRESS, 30.08.2005)



Ötən həftəsonu futbol üzrə 14-cü ölkə çempionatının güclülər dəstəsində 3-cü turun oyunları keçirildi. 7 matçda 25 qol vuruldu ki, bu da məhsuldarlıq baxımından xeyli yüksək göstəricidi. Turun mərkəzi görüşündə qarşılaşan "Karvan"la "Xəzər-Lənkəran" yalnız qələbə haqda düşünürdü. Belə ki, yevlaxlıların ilk iki turda xal qazana bilməməsi, cənublularınsa gözlənilmədən ötən tur "ev"də "Bakı"ya yenilməsi vəziyyəti qəlizləşdirmişdi. Amma Yunis Hüseynovun yetirmələri vitse-çempionla görüşdə aşkar üstünlük qazanıb qələbəni bayram edə bildi. Yakuba Bambanın 70-ci dəqiqədə vurduğu qol matçda yeganə oldu. Yevlaxdakı ölüm-dirim matçında yüksək səviyyəli oyun görməsək də, hər halda, meydan sahibləri vacib qələbəylə özünəinamı bərpa etdi. "Neftçi" də "Qarabağ"la heç-heçənin ardından elitanı tərk etməyə əsas namizəd olan "Göyəzən"i darmadağın edib titulunu qorumağa çalışacağını nümayiş etdirdi. Tomislav Mişuranın 25 və Mişura 38-ci (penaltidən) vurduğu iki qola ikinci hissədə Zaur Tağızadə, Valeri Abramidze, Rəşad Sadiqov və Nadir Nəbiyev hərəyə birini əlavə edib qazaxlıların darmadağınını (6:0) rəsmiləşdirdi. Bakılılar üçün asan gəzintiyə çevrilən matçda hətta heyətdəki ciddi itkilərin də yeri görünmədi. Qazax klubunun artıq üç oyuna 12 qol buraxdığını nəzərə alsaq, Məqsəd Yaqubəliyevin qarşıda çox problemi həll etməli olduğunu görərik. "Olimpik" birinci hissədə "Qarabağ"ın qapısına yol tapsa da, bu ümumi uğur üçün bəs etmədi. 45-ci dəqiqədə debütantın elitada ilk qolunu vuran Vidadi Rzayev tarixə düşsə də, bakılılar qələbə qazana bilmədi. Fasilədə Ruslan Musayevi əvəzləyən ukraynalı legioner Denis Sokolovski matçın taleyini təkbaşına həll etdi. O 55-ci dəqiqədə Müşfiq Hüseynovun ardıcıl ikinci matçda fərqlənməsi üçün məhsuldar ötürmə verdi, sona 4 dəqiqə qalmış isə penaltidən qələbə topunu vurdu. Cari mövsümdə ilk qələbəsini qazanan "Qarabağ" hələ ki, ötənmövsümkü komandanın kölgəsini xatırladır. Amma bu gedişlə ağdamlılar çoxlarına başağrı olacaq. Elxan Abdullayevin yığdığı heyət hətta yüksək yerlərə iddia üçün də qənaətbəxşdi. Səfərdə ikinci dəfə 2:2-ylə barışan "İnter"in qazandığı xalda hakim əməyi də böyük rol oynadı. Gəncədə olduğu kimi, Sumqayıtdakı matçda da dördüncü top müzakirə obyekti olaraq qalacaq. Hətta bakılıların məşqçisi də matçdan sonra nəticənin ədalətli olmadığını dilə gətirib. Zaur Həşimovun 62-ci dəqiqədə öz qapısını nişan almasından sonra yenik duruma düşən "İnter" yalnız 87-ci dəqiqədə bərabərlik qolunu vurdu. Anatoli Konkovun tapıntılarından olan sumqayıtlı Ruslan Poladov doğma azarkeşlər önündə fərqləndi. Amma cəmi bir dəqiqə sonra Murad Ağakişiyev penaltini dəqiq yerinə yetirib yenidən imişliləri yenidən önə çıxardı. Amma hakim Emil İsgəndərov matça 3 dəqiqə əlav etməsinə baxmayaraq, 4-cü uzatma dəqiqəsində Laki İdahorun vurduğu bərabərlik qolunu hesaba aldı. Ötən turdakı böyükhesablı məğlubiyyətdən sonra "MKT-Araz"ın özünə gəlməsi yaxşı haldı. Amma etiraf edək ki, bu xal itkisi qarşıda İqor Nakoneçnının yetirmələrini çox təəssüfləndirəcək. Sumqayıtda bazar günü keçirilən matçda da eyni hesab qeydə alındı. "Gəncə"ylə "Gənclərbirliyi" bu bərabərlikdən sonra ilk "beşlik"dəki yerini qorudu. Amma çətin ki, bu nəticə Şahin Diniyevin yetirmələrinə təsəlli olsun. Yç oyuna ikinci dəfə 2:2 edən qonaqlar yalnız arxayınlaşmanın güdazına gedib qələbəni əldən verdi. Sumqayıtlılar "ev"də xal itirsə də, hər halda oyunun gedişinə baxsaq, bu nəticə də onları qane etməlidi. Matça gəlincə, Daniel Axtyamovun 40-cı dəqiqədə vurduğu qoldan sonra meydan sahiblərinin müdafiəçisi Qoderdi Qoqoladze 65-ci dəqiqədə avtoqola imza atıb gəncəlilərin üstünlüyünü möhkəmlətdi - 2:0. Maraqlıdı ki, turdakı hər iki avtoqol Sumqayıt şəhər stadionunda reallaşıb. Amma bu uğursuzluq "Gənclərbirliyi"ni sarsıtmadı. Nəticənin gətirdiyi arxayınlıq gəncəlilərin başına bəla oldu. Qonaqlar real şansları sağa-sola xərclədiyi vaxt Mehmet Arslan özü qazandığı penaltini qol çevirdi (77-ci dəqiqə). 87-ci dəqiqədə isə Pathe Banqura bütün turlarda qol vurmaq ənənəsini davam etdirib komandasına bir xal qazandırdı. Güclülər dəstəsinin aşkar autsayderi adına ikinci namizəd olan OMİK Tovuzda darmadağın olundu. AFFA-nın xüsusi rəğbəti sayəsində çempionata buraxılan "hərbçilər"in açıq-aşkar zəif olduğu diqqətdən yayınmır. "Turan" isə əksinə, sürəti artırır. İtkisiz irəliləyən yeganə komanda qısa fasiləyə vahid lider kimi gedir. "Neftçi"ylə birgə ən çox qol vuran tovuzlulara əsas rəqiblərinin xal itirməsi də yardımçı olur. İlk yarıda (7 və 11-ci dəqiqələr) iki dəfə fərqlənən Жunivan Suaresə Asen Nikolov assisentlik etdi. Bu cЁ№tlЁ№k 66ıҐ əqiqədə də özünü göstərdi. Amma bunacan - 50-ci dəqiqədə - Zaza Modeyev də debüt matçında qol hesabını açmışdı. 77-ci dəqiqədə isə Kamal Ələkbərov hesab arasındakı fərqi 5 topa çatdırdı. Belədə OMİK-li Ramazan Abbasovun 86-cı dəqiqədə vurduğu top təsəllidən başqa bir şey deyildi. "Bakı"nın öz meydanında "Şahdağ"a yenilməsi indiyədək reallaşan ən böyük sensasiyadı. Hələ "Neftçi"ylə ilk turdakı oyunda gücünü göstərən qusarlılar heç kimə asanlıqla təslim olmayacağını, eyni zamanda iddialıların bütün rəqiblərə ciddi yanaşmağın vacibliyini sübut etdi. Lənkərandakı qələbədən sonra artıq çempionluq mübarizəsinin nisbətən asan keçəcəyini düşünən paytaxt təmsilçisi isə yəqin ki, əla dərs aldı. Həbib Ağayevin 47-ci dəqiqədə vurduğu topa paytaxt təmsilçisi heç cür cavab verə bilmədi.

Paylaş