SAMİR MUSAYEV: "ÇEMPİONATIN QALİBİ "QARABAĞ", BOMBARDİRİ İSƏ MƏN OLACAM"
15 Mar 2005
SAMİR MUSAYEV: "ÇEMPİONATIN QALİBİ "QARABAĞ", BOMBARDİRİ İSƏ MƏN OLACAM"
Ardıcıl dördüncü qələbəsini qazanan və 9 oyun yenilməyən "Qarabağ"ın hücümçusu Samir Musayev 9 oyunluq sükutu pozdu. Ötən mövsümün ən yaxşı bombardiri güclülər dəstəsində 63-cü qolunu vurdu.Bu il ilk dubluna imza atan Samir son dəfə ötən mövsüm - noyabrın 11-də Xəzər"ə iki qol vurmuşdu. O həmçinin "Göyəzən"lə iki matçda beş qol vurmağı da bacardı. Samirin fikirlərini diqqətinizə çatdırırıq:
- Uzun zamandır qol vura bilmirdim ki, bu məni narahat edirdi. "Gənclərbirliyi" ilə matçda çoxlu qol imkanlarımı dəyərləndirə bilmədim. Mənə yerimdə saydığımı irad tuturdular, çünki hamı məndən qol gözləyirdi.Bunda da haqlı idilər.
-Komandamızda 3 hücümçu-Vadim, Vüqar və sən əsas qol ümidisiniz...
- Ən çox qol vuran komanda bizik, həm də bunun sayəsində liderik.Demək müəyyən qədər iş görə bilirik.
- Deyə bilərikmi, başqa komandalardan "Qarabağ"ın hücum xətti daha güclüdür. Ən azı vurulan qollarda hücumçuların payına görə.
- Əminliklə. Əgər Vadimlə mən hərəyə 10 qol vurmuşuqsa, demək Vüqarın qolu sayəsində ötən tur qalib gəldiksə, niyə də yox.Hansı komandanın ön xətt oyunçuları çox qol vurubsa, o da güclüdür.
- Komandamızın çempion olmaq üçün şanslarını necə dəyərləndirirsiniz?
- Bizim komandada heç bir komandada olmayan yüksək çempionluq əhval-ruhiyyəsi var. Bu ab-hava ilə "Qarabağ" bu il çempion, mən isə ötən il olduğu kimi bombardir olacam".