SERGEY KRAVÇENKO: "QARABAĞ"I DİGƏRLƏRİNDƏN ÜSTÜN TUTDUM" ( HET-TRİK, 30.08.2005)
30 Avq 2005
SERGEY KRAVÇENKO: "QARABAĞ"I DİGƏRLƏRİNDƏN ÜSTÜN TUTDUM" ( HET-TRİK, 30.08.2005)
Ölkəmizdə fəaliyyət göstərən saytlar arasında öz operativliyi və yüksək səviyyəsi ilə seçilən "Qarabağ" Futbol klubunun rəsmi saytında komandanın Ukraynalı legioneri Sergey Kravçenko ilə müsahibə dərc edilib. Çempionatın ilk iki turunda meydanı qol vuraraq tərk edən futbolçunun fikirlərinin maraqlı olacağını düşünüb müsahibəni diqqətinizə çatdırmağı qərara aldıq.
-Necə oldu ki, Azərbaycana gəldin?
-Azərbaycana gəlməyimdə Denis Sokolovskinin rolu böyük oldu. Onun atası mənə müraciət etdi. Mən də fikirləşdim, təklif daha cəlbedici olduğundan Azərbaycana gəlməyə qərar verdim.
-Başqa klublardan təkliflər var idimi?
-Bir neçə təklif var idi. Konkret olaraq, “Metallurq” meni öz heyətində görmək istəyirdi. Digər klubların adlarını demək istəmirəm. Amma sonda “Qarabağ”ı digərlərindən üstün tutdum.
-Azərbaycan haqqında ilk təəssüratların...
-Azərbaycan gözəl ölkədir. Ən əsası insanları çox qonaqpərvərdirlər.
-Ünsiyətcil, gülərüz insanlarınız var. Bir də dənizi çox sevdim. Yəqin bu yayda buraya gəlməyimə görədir.
-“Qarabağ”la qısa zamandır ki, məşq edirsən. Komanda haqqında nə fikirləşirsən?
- Komanda məni mən gözlədiyimdən də isti qəbul elədi. Mən özümü elə ilk məşqdəcə doğma hiss elədim. Bu da komandaya uyğunlaşmağıma çox kömək elədi. Ümumilikdə gözəl heyətimiz olduğunu düşünürəm.
-Son matçda çempionla matçda qol vurdun. Hətta matçın qəhrəmanına da çevrilə bilərdin....
- İkinci dəfə bəxtim gətirmədi. Yoxsa ikinci qolu da vuraraq, matçın qəhrəmanına çevrilə bilərdim. İlk topda Samirin gözəl ötürməsindən sonra qol vurmamaq deyərdim ki, günah olardı. İkinci halda isə Aslana da ötürmə eə bilərdim. Lakin 15-16 metrlik məsafədən fikirləşdim ki, özüm də vura bilərəm. Lakin alınmadı.
- Necə fikirləşirsən, bundan sonrakı oyunlarda da ardıcıl qollar vuraraq, Azərbaycan tarixində bir ilkə imza ata bilərsən?
- Mən özümdən razı ola bilmərəm, əks təqdirdə mən futbol oynaya bilmərəm. Amma çalışacam ki, hər oyunda qollar vurum və komandanın uğurunda mənim də payım olsun.