Sokolovski məşqçisinin dərmanını azaltdı (FUTBOL+, 29.08.2005)

single-news
29 Avq 2005

Sokolovski məşqçisinin dərmanını azaltdı (FUTBOL+, 29.08.2005)



Hakimlər: RÖVŞƏN ƏHMƏDOV (Mingəçevir). Azər Əsgərov, Elman Musayev, Anar Niyazov (hamısı Bakı). Hakim-inspektor: Nüvər Xasıyev (Bakı). AFFA nümayəndəsi: Hafiz Namazov (Bakı). 27 avqust. Bakı. "Şəfa" stadionu. 400 tamaşaçı (7852 yerlik). Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub. Mövsümə uğursuz başlayan komandaların duelində hər iki tərəfin qələbə üçün vuruşacağını gözləməyə dəyərdi. Hər halda, ötən turlarla müqayisədə edilən dəyişikliklər buna hesablanmışdı. Hələ də qol həsrəti yaşayan bakılılar cəzalı Semyon Miloşeviç və xəstə Bosko Peraitsanın yoxluğunda Nduka Usim və Raşo Babiçi start heyətində meydana buraxmışdı. Koşiçin də kənarda qaldığı qarşılaşmada Elşən Qəmbərov yenidən ilk "11-lik"də idi. Oyunçu seçimiylə bağlı problemləri olan balkanlı mütəxəssis hücumda Təhmuraz Rzayev - Şəhruz Mustafayev cütünə yer vermişdi ki, bu da təəccüblü görünürdü. Sonuncunun orta sahədə daha faydalı olduğu heç kimə sirr deyildi. Abdullayevin dəyişiklikləri isə sırf taktikayla izah oluna bilər. "Neftçi"ylə oyunda erkən əvəzlənən Sokolovskinin yoxluğunda Kravçenko irəli çəkilmişdisə, Ruslan Musayev bir az arxada qərarlaşmışdı. Sol cinahda isə Azər Cabbarovun yerini Mübariz Orucov tutmuşdu. Qarşılıqlı hücumlarla keçən ilk yarının ciddi təhlükələrə yadda qaldığını söyləmək olmaz. Orta sahədəki fəallıq sayəsində ilk yarım saat qonaqların cüzi üstünlüyüylə keçdi. Topalmada zəif təsir bağışlayan Kravçenkonun bunda əməyi danılmazdı. Həm mərkəz, həm də solla irəliləməyi bacaran ukraynalı hücumlara lazımi dəstək verirdi. İlk 15 dəqiqədə Hüseyn Məhəmmədov iki dəfə onun uzaq zərbələri zamanı narahat oldu. Elə "Olimpik" də daha çox sol cinahla rəqibə həyəcan yaşatmağa çalışırdı. Amma hər iki komanda cərimə meydanına daxil olmağa çətinlik çəkirdi. Meydan sahiblərinin növbəti belə cəhdində top Bekovaçın əlinə dəydi ki, müdafiəçilərin etirazına baxmayaraq, referi penalti təyin etdi. "Olimpik"in ən təcrübəli futbolçusu Vidadi Rzayev şansı qaçırmayıb komandasının elitada ilk qoluna imza atdı. "Şəfa"ya daxil olarkən bəzi "Qarabağ"lı azarkeşlərin narazılığıyla rastlaşdıq. İki həftə əvvəl məhz Əhmədovun köməyiylə Tovuzda uduzduqlarını iddia edənlər növbəti yenilgidən çəkinirdi. Məncə, penalti epizodundan başqa bir neçə dəfə də referi mübahisəli qərarlarıyla seçildi. İki epizodda ən azı hər iki oyunçuya sarı vərəqə verməkdən çəkinən Əhmədov Elşən Qəmbərovu 70-ci dəqiqədə bağışladı. Matçdan sonra Abdullayevin ondan narazılığı da bu səbəbdən başadüşülən idi. Hesab "Qarabağ"ı qane etmədiyindən irəli atılmağa borclu olan qonaqların əvəzetmələri də buna xidmət edirdi. Cabbarov sol cinahı xeyli gücləndirdisə, Sokolovski əsas heyətə layiq olduğunu öz oyunuyla göstərdi. Hərçənd o Kravçenkonun yerində deyil, onun arxasında qərarlaşmalı oldu. Yorulmuş Sergeyə lazımi dəstək verən Denis əvvəl komandanın kapitanına ideal ötürmə verib onu qapıçıyla üzbəüz qoydusa, təxminən yarım saat sonra qələbə qolunu da vurdu. Ardıcıl iki matçda fərqlənən Müşfiqdən fərqli Denis penaltidən topu silkələdi ki, bunda da meydana ikinci hissədə çıxan futbolçuların əməyi olmuşdu. Cabbarovla Voskoboynikin cərimə meydanında paslaşması sonuncuya qarşı kobudluqla nəticələnmişdi. Bundan sonra böyük qüvvəylə irəli atılan meydan sahibləri bir neçə təhlükəli vəziyyət yartsa da, ağdamlıların ilk qələbəsinə əngəl ola bilmədilər. Stepan Çordaş, "Olimpik"in baş məşqçisi: "Qarabağ" bu gün güclü idi. Kənarda qalan futbolçularım meydanda olsaydı, daha yaxşı çıxış edərdik. Üç əsas heyət oyunçusunun olmaması istənilən klub üçün çətinlik yarada bilər". Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Rəqibdən belə müqavimət gözləmirdim. Belə oyuna görə həmkarıma təşəkkür edirəm. Komandama gəlincə, çoxlu səhvlərə yol verdik. Əhmədov hakimlikdən getməlidi. Çox kobud səhvlər edir. Axı onun yerinə gənclər də gələ bilər. AFFA-ya məsləhətim var ki, belə hakimlərlə qurtarsaq, yaxşıdı. Fiziki cəhətdən çatdırmayan hakim bir çox epizodlara gecikir ki, bu da onu görməməsiylə nəticələnir. Qələbə qazansaq da, hakimdən narazıyam. Penalti epizodundan yox, verilməyən vərəqələrdən. Belə hakimlərin idarə etdiyi oyunlarda bir "paçka" (cibindən çıxarıb göstərir - V.) dərman içməli oluram".

Paylaş