Torres Azərbaycanı tərk etdi (/idman.azer.net)

single-news
8 İyn 2005

Torres Azərbaycanı tərk etdi (/idman.azer.net)



Şənbə günü futbol üzrə dünya çempionatının ceçmə mərhələsinin Avropa zonasında növbəti turun oyunları keçirilib. Altıncı qrupda bir qarşılaşma olub. Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan yığması Polşa futbolçuları ilə qarşılaşıb. İlk oyunda 8:0 hesabı ilə qalib gələn qonaqlar bu dəfə də uğuru təkrarlayıblar. Polşalılar milli komandanın qapısına 3 cavabsız qol vurublar. İlk hissədə xoş təsir bağışlayan qonaqlar bir dəfə fərqləniblər. Qolun müəllifi Tomaş Frankovski olub. İkinci hissədə polşalılar 2 qola imza atıblar. Tomaş Klos və Matsey Juravski fərqlənib. Sonuncu qol vurulandan sonra yığmamızın baş məşqçisi Karlos Alberto Torres ofsayd olduğunu deməklə hakimə kəskin etirazını bildirib və onu döyməyə cəhd göstərib. Əvəzində isə qırmızı vərəqə ilə cəzalandırılan Torres texniki zonadan qovulub. Oyun ərəfəsində polşalıları darmadağın edəcəklərini deyən Torres matçdan sonra keçirilən mətbuat konfransında rəqibin güclü olduğunu etiraf edib: “Polşalılar bizdən güclü olduqlarını göstərdilər. Futbolda inkişaf olması üçün milyon və milyard dollarlar xərcləmək lazımdır. Azərbaycanda beynəlxalq standartlara cavab verən bir neçə stadion var. Baş referi tərəfindən cəzalandırılmağıma gəlincə, bildirim ki, ehtiyat hakim məni təhqir etdi. Mən İngiltərə yığmasının çalışdırıcısı olsaydım, onun belə ifadə işlətməyə cürəti çatmazdı. Hakimdən UEFA və FİFA-ya şikayət edəcəyəm”. Azərbaycan - Polşa matçının ilk hissəsində qonaqların fərqlənməsindən sonra yerli azarkeşlər braziliyalı məşqçinin istefasını tələb ediblər. Oyunun ardından Torres vətəninə getmək üçün hava limanına yollanıb. Orada isə fanatlar onu fitə basıblar. Polşa yığmasının baş məşqçisi Pavel Yanas bildirib ki, çətin oyun olmasına baxmayaraq, istəklərinə çatıblar: “Matç gərgin keçsə də, istədiyimiz oyunu nümayiş etdirə bildik. Bizə qələbə lazım idi, ona da nail olduq”. Türklər isə yunanlarla görüşdə qalib gələ bilməyiblər. Gərgin keçən matç heç-heçə (0:0) başa çatıb.

Paylaş