TORRES İSTEFA VERDİ ( AYNA, 08.06.2005)

single-news
8 İyn 2005

TORRES İSTEFA VERDİ ( AYNA, 08.06.2005)



Ötən həftənin şənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Polşa oyununun nəticəsi yerli azarkeşlərin narazılığına səbəb olub. Fanatlar milli komandanın baş məşqçisi Karlos Alberto Torresin istefasını tələb etməklə yanaşı, plastik qablar atıb və təhqiramiz ifadələr işlədiblər. Torres məğlubiyyətin heyfini hakimlərdən birinə fiziki təzyiq göstərməklə çıxmaq istəyib. Srağagün Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi görüşdə yerli azarkeşlərin və Torresin qeyri-etik hərəkətləri ilə bağlı bəyanat verib. Sənəddə qeyd olunub ki, ölkəmizdə keçirilən yarışlarda yığma komandamızın qalib gəlməsi hər birimizin arzusudur. Lakin bu istəyi çılğın ehtiraslarla, meydançalara əşyalar atmaqla nümayiş etdirmək heç də düzgün prinsip deyil. Belə hərəkətlərin gələcəkdə ölkəmizdə rəsmi idman yarışlarının keçirilməsinə qadağa qoyulmasına gətirib çıxara biləcəyi bildirilib. Sənəddə o da vurğulanıb ki, milli komandanın məşqçilərinin də özlərini arzuolunan səviyyədə aparmamaları təəssüf hissi doğurur. Gələcəkdə belə halların bir daha baş verməməsi üçün tövsiyə olunub: "Oyuna azarkeşlik mədəniyyəti ən vacib şərtlərdəndir. Nazirlik idmançı və məşqçilərin hakimlərə, rəqib komandalara yanaşma prinsiplərinin ədalətli olması üçün federasiyalara müraciət edir və ciddi surətdə təhlillərin aparılmasını tövsiyə edir". Nazirlik habelə gələcəkdə belə hallara bir daha yol verilməməsini tələb və eyni zamanda, hüquq-mühafizə orqanlarından belə matçlar zamanı tribunalarda azarkeşlər arasında qeyri-etik hərəkətə yol verənlərin müəyyənləşdirilməsini, cinayətə cəlb olunmasını xahiş edir. Milli komandanın baş məşqçisi Karlos Alberto Torres Azərbaycan - Polşa matçından sonra Braziliyaya səfər etməyə cəhd göstərsə də, AFFA rəsmiləri son anda onu fikrindən daşındıra bilmişdilər. Dünən milli federasiya rəhbərliyi ilə Torres arasında müzakirələr aparılıb. Birgə qərara alınıb ki, onun yığmada baş məşqçilik fəaliyyəti dayandırılsın. Bununla əlaqədar milli komandanın rəhbərliyinin bütün heyəti istefa verib. Yığmanın baş məşqçilik postuna tanınmış mütəxəssis Əhməd Ələsgərov və ya türk çalışdırıcısı Rasim Karanın gətiriləcəyi gözlənilir.

Paylaş