VASİF HAQVERDİYEV: "QARABAĞ" MƏNƏ SÖZLƏ İFADƏ EDƏ BİLMƏYƏCƏYİM QƏDƏR ƏZİZDİR"

single-news
14 Okt 2005

VASİF HAQVERDİYEV: "QARABAĞ" MƏNƏ SÖZLƏ İFADƏ EDƏ BİLMƏYƏCƏYİM QƏDƏR ƏZİZDİR"



Əvvəllər “Qarabağ” Futbol Klubunun şərəfini qorumuş, bu ildən yenidən öz doğma komandasına qayıdıb, klubun uğurları üçün çalışan Vasif Haqverdiyevin sabah ad günüdür. Onu Klubumuz adından təbrik edir, ona ailə səadəti və futbolçu karyerasında uğurlar arzulayırıq... - Uzun müddətdir ki, professional futboldasan. Futbola gəlişini necə xatırlayırsan? - 1986-cı ildə “FŞM” ( indiki İdman Olimpiya Eytiyat Məktəbi) adlandırılan komandada İsmayıl Əliyevin rəhbərliyi altında ilk addımlarımı atdım. Hələ o vaxt 8 yaşım var idi və bu məktəbin mənə futbolun sirlərini öyrənməkdə böyük köməyi dəydi. Bundan sonra Yaşar müəllimin rəhbərlik etdiyi “Ezdüşor” deyilən komandada uşaq futbol karyeramı davam etdirdim. - Professional Futbola necə gəldin? İlk professional komandan və ilk oyunun nə vaxt olub? - Professional Klub olaraq ilk oynadığım komanda “İnşaatçı” olub. O vaxt (1995-ci il) onlar həm çempion, həm də Kubok sahibi olmuşdular. Məni dəvət etdilər. O vaxt Baş Məşqçi işləyən Məmmədəli müəllim bir neçə gündən sonra mənim komandada qalacağımı dedi.Bununla da professional futbolda ilk addımımı atdım. İlk oyunum isə “Viləş”ə qarşı oynadım. O vaxt hücumçu ampluasında çıxış edirdim və o matçda 3:2 hesabı ilə biz qalib gəldik. - Amma indi müdafiəçi olmağına baxmayaraq, elə həmin “Viləş”lə ötən həftə Kubok oyununda hesabı sən açdın... - İndi müdafiəçi olmağıma baxmayaraq komandamız hücumda olanda mən də hücuma meyl edirəm. Amma o zaman sırf hücumçu idim. Bu son kubok matçında qol vurmağım da qol vurmaq istəyimdən yox, düşən imkandan istifadə etmək istəyimdən doğdu. Zərbəm dəqiq oldu və mən buna sevinirəm ki komandanın uğurunda bir pay sahibi oldum. - Bəs necə oldu ki, hücumçu ampluasını müdafiəçi ampluasına dəyişdin? - 1998-ci il idi. Mən o vaxt “Qarabağ”da oynayırdım, baş məşqçimiz də Ağasəlim Mircavadov idi. Sumqayıtda “Kimyaçı” ilə oyun zamanı sol müdafiəçi olan indiki məşqçimiz Səttar Əliyev zədə aldı. Ağasəlim müəllim onu mənlə əvəzlədi. Yəqin mənim çıxışım onun ürəyincə oldu ki, bundan sonra məni bu mövqedə oynatmağa başladı. Buna görə peşman deyiləm və ona çox minnətdaram. - Bəs Futbolçu olmağından peşmançılıq hissi keçirmirsənki? - Əsla. Ümumiyyətlə mən həyatımı futbolsuz təsəvvür edə bilmirəm. Bəlkə də özümü başa düşəndən futbol oynamağıma görə başqa peşələrə maraq göstərməməyimin rolu olub. Amma mən heç vaxt futbolsuz qala bilmərəm. - Futbolu bu qədər sənə sevdirdiyinə görə özünü kimə borclu sayırsan? - Mən məşqçi tərəfdən özümü bəxti gətirmişlər sırsında sayıram. Çünki mən Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Böyükağa Ağayev, Ruslan Abdullayev kimi məşqçilərin rəhbərliyi altında futbol oynamışam. Onların hər birindən müəyyən şeylər öyrənmişəm və bunların hər birinə məni futbolu sevdirdiklərinə görə öz təşəkkürümü bildirirəm. - Karyeranda ən yadda qalan oyunun.... - Bu da “Qarabağ”la bağlıdır. Heç vaxt “Makkabi” (İsrail) oyununu unuda bilmərəm. Bu matç nəinki mənim həyatımda, Azərbaycan Futbol həyatında bir ilk idi. Azərbaycan Klubu olaraq UEFA-da tur keçdik. Ən yaddaqalan mənim üçün ilk olaraq budur. - Sənin mövsüm öncəsi başqa bir klubla müqavilən var idi. Necə oldu ki, sonda “Qarabağ”lı oldun? - Mənim həmişə arzum “Qarabağ”da oynamaq olub. Bu sözləri indi “Qarabağ”lı olduğum üçün yox, səmimi olaraq deyirəm. Hərbi xidmət üçün “MOİK”ə “Qarabağ”dan getdim və qayıdanda da bu kluba qayıtmaq istəyirdim. Amma bəzi səbəblərdən geri qayıda bilmədim. Bu dövrdə “Turan”ın yeni baş məşqçisi Nacı Şensoy məni dəvət elədi və mən orada bir il oynadım. Bundan sonra bir il “Xəzər Universiteti”ndə (indiki “İnter”) oynadım. Ötən il isə keçmiş futbolçu dostum Elşad Əhmədov məni “MKT-Araz”a çağırdı və mən ötən ili orada keçirdim. Düzdü müqaviləm bu il də davam edirdi, lakin mövsümöncəsi müqaviləyə yenidən baxış zamanı şərtlərində rəhbərliklə mənim aramda anlaşmazlıq yarandı. “Qarabağ” rəhbərliyinin də məni öz heyətinə qatmaq istədiyini görüb, ürəyimlə bağlı olduğum komandanı üstün tutdum. Buna görə klub rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. - Komandanın indiki durumundan razısanmı? - Komandanın indiki durumundan kimsə şikayət edə bilməz. Hər şey əla səviyyədədir. Mövsüm öncəsi istədiyimiz nəticəni ala bilməməyimiz isə yalnız gec başlamağımızla bağlı idi. Əhval-ruhiyyə, futbolçuların aralarındakı münasibətlər yüksək səviyyədədir. Elə bunun nəticəsi olaraq oyundan oyuna “Qarabağ” əsl oyununu göstərməyə başlayır. Biz heç kimdən zəif deyilik və bunu da gələcək turlarda hamımız şahidi olacağıq. - Sonda “Qarabağ” haqda fikirlərin..... - “Qarabağ” adı mənim üçün hər şeydir."Qarabağ"a mən ürəyimlə bağlıyam. Qismət olsa karyeramı da bu klubda bitirmək istəyirəm. Bunun özü mənim bu komandaya nə qədər bağlılığımı göstərir. O ki qaldı bu ilki “Qarabağ”a, yalnız onu deyə bilərəm ki, “Qarabağ” bu il öz adını mükafatçılar siyahısına yaza biləcək. Mən həm Çempionat həm də Kubok oyunlarını nəzərdə tuturam. “Qarabağ” öyrəşmədiyi yerdən tezliklə özünə layiq olan yerə qayıdacaq.

Paylaş