Vüqar U-21-ə üç qolla qayıtdı( FUTBOL+, 30.05.2005)
30 May 2005
Vüqar U-21-ə üç qolla qayıtdı( FUTBOL+, 30.05.2005)
U-21 - Bakı yığması 7:2
U-21 (start heyəti): Kamran Ağayev, Elnur Abbasov, Elnur Allahverdiyev, Elvin Əliyev, Ruslan Əmircanov, Romal Hüseynov, Rəşad Kərimov, Ramazan Abbasov, Cəmşid Məhərrəmov, Vüqar Nadirov, Murad Ağakişiyev
Sonradan meydana çıxanlar: Amil Ağacanov, Ceyhun Adışirinov, Aqşin Həşimov, Elvin Nuriyev, Vasif Əliyev, Rəşad Muradov
Qollar: Vüqar Nadirov (3), Murad Ağakişiyev (2), Elvin Nuriyev, Rəşad Kərimov (p) - Fuad Əliyev (2, 1-p).
21 yaşlılar Polşayla matçöncəsi ilk və son hazırlıq oyununu Məqsəd Yaqubəliyevin çalışdırdığı Bakı yığmasına qarşı keçirdi. "Şəfa" stadionunda keçirilən matç Vaqif Sadıqovun yetirmələrini fərqli qələbəsiylə bitdi. Havanın isti olması meydandakı mübarizənin gərginliyinə təsir etməmişdi. Xüsusilə də ilk yarıda hər iki komandanın ifasında sürətli futbol izlədik.
"İnter" və "Bakı"nın kubokun finalında iştirak etməli olan 8 oyunçusu U-21-in düşərgəsinə gəlmədiyindən Vaqif bəy Aqşin Həşimov və Vasif Əliyevə də srağagünkü oyunda şans verdi. Amma onların Polşayla matçda iştirakından söhbət gedə bilməz. Ruslan Məcidovun əvəzinə milliyə çağrılan Amil Ağacanov isə əksinə, komandada qalacaq. Onu da qeyd edək ki, zədəli Bəhruz Zeynalov da U-21-dən kənarda qalıb.
Oyuna gəlincə, Sadıqovun hücum xəttində iki oyunçuya şans verməsi diqqət çəkdi. Bir-biriylə yaxşı anlaşan Vüqar və Murad artıq fasiləyədək hərəyə iki dəfə rəqib qapısının torunu silkələdi. Onların bir-biriylə yaxşı anlaşması da qeyd olunmalıdı. Murad ikinci yarıda əvəzlənsə də, sonadək oynayan Vüqar təkbaşına xeyli qol vəziyyəti yaratdı. Arxa xətt oyunçularının bir qədər inamsız təsir bağışlamasını, yarımmüdafiəçilərin isə sürətli hücumlara layiqli töhfə verdiyini də qeyd etmək olar. Xüsusilə də Romal Hüseynov, Ruslan Əmircanov və Elvin Nuriyevin oyunu tərifə layiqdi. Ümumilikdə isə heyət tam komplektləşmədiyindən komandanın hazırlıq səviyyəsi haqda qəti söz demək olmur.
Bir neçə kəlmə də yaranma məqsədi çoxlarına qaranlıq qalan Bakı yığması haqda. Ümumilikdə pis təsir bağışlamayan komandada Yaqubəliyevin əvvəllər çalışdığı "Şahdağ-Samur"un oyunçuları çoxluq təşkil edir. Akif Hümbətov, Elnur Rüstəmov və Fuad Əliyevin xüsusi fərqləndiyi Bakı yığmasının əsas problemi oyunçuların bir-biriylə yaxşı anlaşmaması idi.