QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Ağdamı birlikdə anaq...
`Rusenborq` üzərində qazanılan bu qələbə bizim qürur qələbəmiz idi
 
Azarkeşlərlə dolu mərkəzi arenada hamı cərimə zərbəsinin yerinə yetirilməsini gözləyirdi. Rəşad Sadıqovun möhtəşəm zərbəsi qol oldu, stadionda izdiham yaşandı. 90 dəqiqənin tamamında bilinəcəkdi ki bu, qələbə qolu idi. Vacib bir qələbənin qolu. 4 il əvvəl `Qarabağ`ın “Rusenborq” üzərində qazandığı bu qələbə bizim qürur qələbəmiz idi. Ağdamın işğal gününü yalnız qələbəyə ilə qeyd etməliydik.
 
Həmin gün hamımız çox sevinirdik, ancaq sevincimizin acı bir hüdudu var idi. İllər əvvəl yaşananların, torpaqlarımızın işğal altında olduğu ağrının hüdudu idi bu.
 
Ağdamın işğalının 20-ci ildönümünü anırıq.
 
1993-cü ildə 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır. Bu necə oldu? Fred Asif, Allahverdi Bağırov kimi qəhrəmanları olan bu torpaq necə işğal olundu? Suallar çoxdu, cavab isə ...
 
Erməni quldurlarının bizimlə müharibə edəcək qədər cəsarətli olmadığı hamıya məlum idi. Ancaq kənar qüvvələrin dəstəyi ilə ermənilər bir-bir rayonlarımızı işğal edirdilər. Hətta belə vəziyyətdə də ərazi bütövlüyümüzü qoruya bilərdik. Lakin iki cəbhədə müharibə aparmaq asan olmadı, bu yükü qaldıra bilmədik. Qarabağda gedən döyüşlər bizim üçün nə qədər ağrılı idisə, Bakıda vəzifə uğrunda gedən qardaş savaşı ondan da ağrılı idi...
 
İyulun 23-də Ağdam da getdi (böyük hissəsi). Lakin Qarabağ yaşamalıdır, yaşayır, yaşayacaq da. Unutmamalıyıq, unutmarıq da. Bu, bizim qan yaddaşımızdı. 
 
Bizim üçün müharibə bitməyib. Biz hələ öz sözümüzü deməmişik. Sadəcə 20 il əvvəl biriləri bizi şərəfsizcəsinə elə oyuna salmışdılar ki o oyundan qalib ayrılmaq sadəcə mümkünsüz idi. Ancaq haqq-hesab zamanı çatacaq bir gün.
 
Hər dəfə deyirəm ki, `Qarabağ`lı futbolçular hər şeydən əvvəl klubun adı üçün savaşmalıdır. `Qarabağ` adını dünyaya duyurmalıyıq. Bir neçə gündən sonra keçiriləcək matçda da bu məqam unudulmamalıdır, unudulmayacaq da!
 
İyulun 23-də, saat 10-da İmarət Fanklubu ilə birlikdə `Qarabağ` futbol klubu da Şəhidlər Xiyabanını ziyarət edəcək. Hamınız gəlin, Ağdamı birlikdə anaq.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin.