QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Şok: Sokolovun qanında dopinq tapıldı (futbol+, 21.11.2006)
Azərbaycan idmanı və futbolu ətrafında hər cür eybəcər səhnələr görmüşük. Dünən isə bütün ölkə növbəti əcaib sensasiyadan xəbər tutdu. Şahin Diniyevli millini sevənlər və sevməyənlər, xəbəriniz olsun ki, yığmanın və "Qarabağ"ın müdafiəçisi Sergey Sokolov dopinqdə ilişib. Özü də deyəsən, pis ilişib. "Futbol+"in səhifələrində zaman-zaman dopinqin mahiyyəti və idmançıların orqanizminə hansı yollarla daxil olduğu haqda danışmışıq. Qısaca xatırladaq ki, idmançılar yasaq preparatları adətən zədədən sonrakı bərpa dövründə qəbul edir. Dünya idmanında kimlərinsə bilərəkdən dopinq qəbul etməsinə dair onlarla misal olsa da, ədalət naminə onların daha çox həkim naşılığının qurbanı olduğunu deməliyik. Hər halda, istənilən yasaq maddənin izləri 5-6 ay ərzində orqanizmdə qalır. Sergeyə də qəfil zərbə dərmandan dəyib. Oktyabrın 11-də keçirilən Belçika ilə səfər oyunundan sonra futbolçudan götürülən analiz, idman təbabətinin dili ilə danışsaq, "A" nümunəsi müsbət nəticələnib. Yeri gəlmişkən, həmin oyundan sonra İlqar Qurbanov da dopinq-testdən keçib və qanında heç nə aşkarlanmayıb. Artıq AFFA-nın baş katibi Fuad Əsədov da Sokolovun dopinqdə ilişməsi faktını təsdiqləyib. İndi UEFA AFFA ilə birgə məsələni araşdırmaq fikrindədi. Dünən əlaqə saxladığımız Şahin Diniyev ən çox güvəndiyi futbolçunun başına gələnlər haqda hələ ki danışmaq istəmədiyini bildirdi. Şahin bəy məsələdən təfərrüatıyla xəbərdar olmadığını, UEFA-nın yekun qərar çıxarmadığını söylədi. Amma sonra bunu öyrənə bildik ki, Sokolovun faciələrinin əsası bu ilin avqustunda qoyulub. Məhz həmin vaxt səhhətində problem olan Sergeyə vurulan iynə özüylə orqanizmə dopinq tərkibini daşıyıb. AFFA-nın tibb departamentinin rəhbəri Mahir Əliyevin dediyinə görə, futbolçu yayda Mərkəzi Kliniki Xəstəxanada müalicə alarkən əzələsinin altına hormonal sakitləşdiricilər yeridilib. Bizə bunu da söylədilər ki, Sokolovun dopinqdə ilişməsində yığma həkimlərinin heç bir rolu olmayıb: "AFFA-da Beynəlxalq Antidopinq Agentliyinin yasaq etdiyi dərmanların siyahısı var. Orda hansı dərmanların tərkibində dopinq olduğu göstərilib". Sokolov özü isə dopinq olayına görə "Qarabağ"ın və yığmanın həkimlərini günahkar saymır: "Belçikayla oyundan sonra məndən analiz götürmüşdülər. Amma qanımda dopinq tapılmasından xəbərdar deyiləm. UEFA və AFFA-dan mənə heç nə deyilməyib. Lakin dopinqin olması mümkündü. Yayda, çempionatın başlamasına az qalmış Rusiyadan qayıdırdım. Yolda belimdə ağrılar hiss etdim. Bakıya çatan kimi özümü xəstəxanalardan birinə verdim. Axşam saat 11 olardı. "Qarabağ"ın həkimi yeni dəyişdiyindən telefon nömrəsini-zadı bilmirdim. Yoxsa ona zəng vurardım. Mən Bakını pis tanımıram, gedəndə bilirəm ki, harda xəstəxana ola bilər. Amma bu xəstəxanaları adıyla tanımıram (yuxarıda bunun Mərkəzi Kliniki Xəstəxana olduğunu dəqiqləşdirdik - R.E.). Orda mənə iynə vurdular, hiss etdim ki, tərkibində nəsə qadağan olunmuş maddə var. Hələlik UEFA tərəfindən bu barədə qəti heç nə deyilməyib, odu ki, sabah (bu gün) "Neftçi"ylə oyuna çıxacam". "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl isə futbolçunun başına gələnlərdən yalnız "şifahi" şəkildə xəbərdar olduqlarını bildirdi: "Bu haqda əlimizdə rəsmi heç nə yoxdu. Sözügedən məsələ haqda şifahi məlumatımız var. Odu ki, indidən nəsə demək olmaz. Hələ UEFA rəsmi qərarını açıqlamayıb. Onların hansı qərarı çıxaracağını gözləməliyik. Bir şeyi deyə bilərəm ki, "Qarabağ"ın tibbi personalı Beynəlxalq Antidopinq Agentliyinin qadağan etdiyi dərmanlardan yararlanmır". Dopinq xəbəri dünən açıqlansa da, Sokolovun "A" nümunəsinin müsbət nəticə verdiyini çox güman AFFA-da bir neçə gün əvvəldən biliblər. Sadəcə, növbəti dəfə bizimkilərə elə gəlib ki, nəyisə gizlətmək ən yaxşı çıxış yoludu. Yeri gəlmişkən, bir müddət əvvəl biz "Gənclərbirliyi" ilə qarşılaşmada qırmızı vərəqə alan Sergeylə söhbətləşmək istəyəndə o başının çox qarışıq olduğunu demişdi... Bax belə, indi bizə Sergeyin "B" nümunəsinin necə nəticələnəcəyini və nəhayət, UEFA-nın ona hansı cəzanı verəcəyini gözləmək qalır. Xatırladaq ki, belə hallarda adətən futbolçu 1-2 illiyə ölkədaxili və beynəlxalq oyunlara çıxmaq hüququndan məhrum olunur. Yığma və "Qarabağ" rəhbərliyi əlini göyə qaldırıb Tanrıya futbolçunun cəzasının yüngül olması üçün dua etsin. Mövzuya qəzetimizin növbəti saylarında daha ətraflı toxunmağa çalışacağıq.